» » Sular hisləri yumur ata

Sular hisləri yumur ata

Sular hisləri yumur ata


O məşhur telefon zəngi bu dəfə də üzünü güldürdü bu adamın:
- Hə, qızım...
- Atamcan, səni gözləyirəm e... 15 gündü...
- Sabah gəlirəm, cücəm. Nə alım gələndə sənə?
- Həmişə aldığıdan al, atamcan.
- Baş üstə, qızım. Öpürəm səni. Sabah gəlib özüm yatızdıracam səni, cücəm.

***
- Ana, atam niyə gəlmir?
- Birazdan gələcək, can balam. Gəl, o çatana kimi süfrəni hazırlayaq. Hamımız bir yerdə yemək yeyərik.
- Ana, bax televizora. Orda nəsə yanır.
***
Aparıcı danışa bilmir, göz yaşları imkan vermir sözlərini bitirməyə... Ana aşağıda yazılan, güclə sezilən sözləri oxuyurdu ki, gözlərini yumub-tökdü. Atasının "cücə"si əlifbanı hələ bilmirdi deyə, orada yazılanları oxuya bilmədi. Amma artıq hamı danışırdı... ""Günəşli"də ölənlər..." "Suda batanlar..." "İlahi, o ailələri başsız, yetim qoyma..."
***
Atası gəlmədi həmin gün. Qızının zənginə "can, qızım” demədi o gün. Ata canını dərin dəryada tapşırdı həmin gün. "Cücə"sinə istədiklərini ala bilmədi...
***

"Ata, sənə yazması üçün anamdan xahiş etdim. Yadında, səni necə qucaqlayıb yatırdım? Üzündən öpmədən yuxuya gedə bilmirdim. Səni yaşıl rəngli böyük bir şeydə apardılar. Onda üzündən, gözlərindən öpdüm. Hiss eləmişdin? Ata, cavab ver. Səsin üçün darıxmışam. Ata qoxusunu istəyirəm yenə. Atacan, bu məktub sənə çatsa, gəl gecə yanımda yat. Elə soyuqdu ki, burdakı yatağın. Böyüklər danışanda eşitmişəm, torpaq da soyuq olur. Sən həmişə yuxuya gedəndə güclə dartıb gətirdiyim adyalı bu dəfə məzarına gətirdim. Atamcan, sənsiz elə çətindi ki... Bağçaya atası ilə gələn uşaqlara baxmaq yox, əllərindən tutub, səni onlara göstərmək istəyirəm. Ata, anam yazdıqca çox ağlayır. O da darıxır. Sənsiz ikimizin də sağ tərəfi boş qaldı. Səni yuxuda görmək üçün ikimiz də tez yatırıq. Amma gəlmirsən yuxularımıza. Ata, axı sular insanın hisslərini yuya bilmir. Bizi unutmamısan, bilirəm. Bax, qar da yağır bayırda.

İndi kiminlə qartopu oynayım? Pəncərədə oturub o uşaqlara baxmaq istəmirəm. Şəkillərimizə baxıram arada... Biz necə oxşayırıq, ata. Amma şəkillərlə yaşamaq çox çətindir. Həmişə əlinlə ürəyini tutub, "ağrıyır” deyirdin. Nə çətin imiş, insanın axtardığını yerində görə bilməmək. Sən mənim hər şeyim imişsən ki, ata... Arada küsüşürdük səninlə. Küs məndən, ata, amma gəl yanımda qal, uzağa getmə. Mənə dərindən bax. Öz əllərimlə torpağına düzdüyüm o güllərlə bax mənə. Səni nə qədər çox istədiyimi, sənsiz keçən günlərimin ağırlığını hiss et... Bu gecə yuxuma gəl, ata, qucaqla məni, öp doyunca. "Canım qızım” de mənə. Mən də "atam mənim, canım atam” deyib sarılım boynuna. Çox darıxıram səninçün. Başa düşürsən? Çox darıxıram...” ( Nərgiz Nənə)