» » Çayımız niyə şirin deyil? - ARAŞDIRMA

Çayımız niyə şirin deyil? - ARAŞDIRMA

Çayımız niyə şirin deyil? - ARAŞDIRMA

"Əvvəl çayı şirin etmək üçün cəmi 3 çay qaşığı şəkər tozu kifayət edirdisə, indi 6 qaşıq da tökürsən, şirin olmur. Bilmirik də hara müraciət edək?".

İstehlakçılardan bu tipli şikayətlər tez-tez eşidilir. Bəzi istehlakçılar şəkər tozuna ağ rəngdə başqa bir maddənin qatıldığını, bir qismi isə standartlara cavab vermədiyini iddia edir. Doğrudan da, çayımız niyə şirin deyi??

lent.az bu problemi araşdırmağa çalışıb.

İnsanlar üçün əvəzedilməz qida olan şəkərə fiziki sağlığımız üçün də ehtiyacımız var. Xüsusilə zehni fəaliyyətlərin inkişafı və yaxşı bir ruh halı üçün faydalı bir məhsul sayılır. Bəs çaylarımıza şirinlik qatan şəkər tozunun gerçəkliyinə niyə şübhə yaranıb?

Təhlükəli olmasa da, aldatma faktı var...

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, şəkər tozunun tərkibindəki şəkərin miqdarının az olması əhalinin maddi vəziyyətinə vurulan zərərdir və bu məsələ mütləq araşdırılmalıdır.

Şəkərin tərkibindəki şəkərlilik səviyyəsinin tam olaraq 99,9 faiz olmalı olduğunu vurğulayan İ. Abdullayevin fikrincə, şəkərin şirinliyinin hiss olunmaması onun tərkibində şəkər yerinə başqa komponentlərin istifadəsi ilə əlaqəlidir: " Şəkərin miqdarı azdırsa, artıq bu, əhalinin maddi vəziyyətinə vurulan zərərdir. Yəni əhali çaya gündə 6 qaşıq şəkər tozu atmalı olursa, məcburdur ayın sonu bir-iki kilo da artıq alsın. Bu, istehlakçının iqtisadi baxımdan imkanlarını məhdudlaşdıran tədbirdir. Təhlükə yoxdur, sadəcə aldatma faktı var. Aşağı keyfiyyətli malı yuxarı keyfiyyətli mal adına sataraq istehlakçıdan daha çox gəlir əldə etmək məqsədi güdülür".

Şöbə müdiri qeyd edib ki, şəkər çuğundurundan alınan şəkər tozunun təmizliyi 99,75% təşkil edir; qarışıqlar yalnız 0,25% qəbul olunur. Şəkər istehsalı əsasən şəkər çuğunduru, şəkər qamışından əldə edilir. Əldə edilən şəkər rafinasiya olunur, rəngi ağardılır, şəkər səviyyəsi 99, 9 %-ə gətirilir ki, normal keyfiyyətli şəkər olsun.

Lakin şəkər tozunda qarışıqların 0,25% olması şəkərin dad və xüsusən də qidalılıq xüsusiyyətlərində əks olunmur.

İ. Abdullayev bildirib ki, şəkər tozunu təmiz suda həll etdikdə suyun rəngi dəyişərsə ( saralarsa, bozararsa), artıq bu, rafinasiya olunmamış, yəni saflaşdırılmamış şəkər sayılır: " Az rafinasiya olunmuş şəkər tozunun tərkibində kənar maddələr də qarışdığından təmiz suda həll etdikdə çöküntü verə bilər. Düzdür, satışda rafinasiya olunmamış şəkər tozu, şəkər məhsulları satılır. Əsas onun xammalı yoxlanılır. Xammalın tərkibində gübrə qalıqları, ağır metalların olub-olmadığı yoxlanılmalıdır.

Şəkərin təmizliyi onun xarici görünüşü ilə sıx bağlıdır ki, bu da mühüm əhəmiyyətə malikdir. Şəkərin (xüsusən də şəkər tozunun) cəlbedici görkəmi bəzi ölkələrdə, hətta onun sortunun (növünün) həlledici amili kimi qəbul edilir.

"Sladkiy saxar" məhsulu ilə bağlı ciddi şikayətlər daxil olur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şəkər tozu ilə bağlı problemə əsasən xaricdən gətirilən şəkər məhsullarında rast gəlinir: "Yerli şəkər istehsalı tam standartlara uyğun şəkildə həyata keçirilir. Həmçinin yerli istehsal olunan şəkər məhsulları ekoloji cəhətdən təmizdir. Xarici ölkələrdən gətirilən şəkərlərdə isə sadalanan problemlərin olması istisna deyil. Yerli mal daha çox nəzarət altındadır, nəinki xaricdən gətirilən məhsullar. Əsasən İrandan gətirilən şəkər məhsulları şübhəli mal kimi öyrənilir".

E.Hüseynov əlavə edib ki, şəkər xəstələri üçün nəzərdə tutulan "Sladkiy saxar" məhsulu ilə bağlı ciddi şikayətlər daxil olur: "Bu şəkər məhsulu şəkər xəstələri üçün nəzərdə tutulsa da, əslində heç bir faydası yoxdur, əksinə, tibbi zərəri var. Adi istifadə etdiyimiz şəkər məhsulundan heç fərqlənmir. Səhiyyə Nazirliyi tərəfindən də bizə məktub göndərilib ki, bu məhsulun bazarlardan yığışdırılması üçün müəyyən iş aparılsın".

E. Hüseynov son olaraq əhalinin diqqətinə çatdırıb ki, alınan şəkər məhsulunun istehsal tarixi, yararlıq müddəti, saxlanma şəraiti, istehsalçının ünvanı və.s. bu kimi vacib detallara diqqət etsinlər.

Sertifikatlaşdırılmış və uyğunluq nişanı olan məhsullar daha etibarlıdır

Azərbaycan ərazisində şəkər tozunun keyfiyyət və təhlükəsizliyinə dair tələbləri müəyyən edən dövlətlərarası standartlar QOST 21-94 və QOST 31361-2008 mövcuddur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent.az-a açıqlamasında deyib ki, bu standartlara əsasən, şəkər tozunda saxarozanın kütlə payı 99,7% nəzərdə tutulub: " Qeyd edək ki, bu göstəricinin təyini laborator üsulla həyata keçirilir. Odur ki, şəkər tozunun bu keyfiyyət göstəricisi ilə bağlı şübhə olduğu halda istehlakçıların Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat vermələri tövsiyə olunur".

Komitə rəsmisi bildirib ki, 2015-ci ilin noyabr ayının 1-dək Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən şəkər tozunun istehsalı və qablaşdırılması ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar zamanı mövcud standartların tələblərindən kənara çıxmalar aşkar olunmayıb, yoxlanılmış məhsul keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə standartların tələblərinə cavab verib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən, 2015-ci ilin noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırıldığını vurğulayan F. Talıblı qeyd edib ki, yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır.

F. Talıblının sözlərinə görə, qüvvədə olan Uyğunluq sertifikatlarının Dövlət Reyestrində ölkəyə xarici ölkələrdən şəkər tozunun idxalı barədə məlumat mövcud deyil: "Respublika ərazisində şəkər tozunun istehsalı ilə İmişli şəhərində yerləşən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC məşğul olur. Bununla yanaşı, bir sıra şirkətlər tərəfindən şəkər tozunun qablaşdırılaraq satışı həyata keçirilir".

İstehlak bazarında satılan şəkər tozlarından keyfiyyət və təhlükəsizliyi QOST 21-94 və QOST 31361-2008 uyğun, mövcud qanunvericiliyə əsasən sertifikatlaşdırılmış, üzərində uyğunluq nişanı mövcud olan məhsullar üstün sayılır. Odur ki, istehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə bu amillərə diqqət yetirmələri tövsiyə olunur.

Ölkədə müstəqil laboratoriya olmalıdır

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, şəkər tozunun şirinliyinin azalması onun istehsalında saxtakarlıqlara yol verilməsi ilə bağlıdır: "Ola bilsin ki, məhsulun istehsalında hansısa ucuz qatqılardan istifadə olunur, bu da şəkərin keyfiyyətinə təsir edir, şəkərliliyi aşağı salır. Ümumiyyətlə isə, müstəqil laboratoriya olmadığından nəinki biz, elə istehlakçı özü də aldığı qida məhsulunun analizinə nail ola bilmir".

Ölkədə qida məhsullarının istehsalı ilə məşğul olan yerli şirkət "AzərSun" Holdinqdən Lent.az-a bildirilib ki, şəkər tozunun şirinliyi standarta görə Pol=99.70 oZ səviyyəsində qəbul edilir. İstehsal edilən şəkər tozu məhsulu QOST 31361-2008 standartına tam cavab verir.

Bu il 12 şəkər nümunəsi yoxlanılıb

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Lent.az-a açıqlamasında bildirib ki, şəkərin keyfiyyəti orqanoleptik (dadı, iyi, xarici görünüşü, məhlulun təmizliyi), fiziki-kimyəvi (nəmliyin, saxarozanın, küllülüyün, reduksiyaedici maddələrin miqdarı, bərklik, rənglilik və s.) göstəricilərə görə təyin olunur. Bu məhsullar suda tam həll olmalı, çöküntü verməməlidir. Rəngi ağdan sarımtıla qədər dəyişə bilər. Dadı şirin olmaqla kənar iy verməməlidir. Şəkərin nəmliyi 0,14%-dən, quru maddəyə görə saxaroza 99,75%-dən az, reduksiyaedici maddələr 0,05%-dən, kül isə 0,03%-dən çox olmamalıdır.

A. Əliyevin sözlərinə görə, şəkərin saxlama şəraiti normativ-texniki sənədlərə əsasən müəyyən olunur. Anbar sahələrində saxlama zamanı qablaşdırılmış şəkərin saxlama temperaturu 400C-dən, nisbi rütubət 70%-dən çox olmamalıdır. Şəkərin digər spesifik, kəskin iyli məhsullarla birgə saxlanması qadağandır.

Qablaşdırılmış şəkər taxta altlıqların üzərinə yığılmalı və döşəmə ilə təmasda olmamalıdır. Uzun müddətli anbar şəraitində saxlanılan kristal şəkərin saxlama müddəti isidilən anbar şəraitində 8 il, isidilməyən şəraitində isə iqlim şəraitindən və qablaşdırma materialından asılı olaraq 1,5-4 ildir. Uzun müddətli saxlama zamanı temperatur 250C-dən artıq olmamalıdır. İsidilən anbarlarda qablaşdırılmış şəkər saxlanılarkən nisbi rütubət ən çoxu 70%, temperatur isə azı 120C olmalıdır.

Kristal şəkər, şəkər pudrası müvafiq icra hakimiyyəti orqanları tərəfindən icazə verilən kağız, polietilen, polipropilen və ya kombinə edilmiş polipropilen örtüklü kağız paketlərə qablaşdırılır. Qablaşdırılan şəkər məhsulları mütləq markalanmalıdır. Qablaşdırılmış 50 və 100 kq-lıq şəkər kisələrində bir kisənin xalis çəkisinin etiketdə göstəriləndən ±0,25% kənarlaşmasına icazə verilir. İstehsal tarixindən kristal şəkərin yararlılıq müddəti 4 il, preslənmiş şəkərin 2 ildir.

Qurum rəsmisi son olaraq qeyd edib ki, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 2016-cı ilin yanvar-aprel ayları ərzində ticarət şəbəkəsindən 12 şəkər nümunəsi götürülərək orqanoleptik, fiziki-kimyəvi göstəricilərinə görə tədqiq edilib. Bütün nümunələr tələblərə uyğun olub.

"Şirin qatil"

Ümumilikdə isə çox şəkər istifadəsi sağlam vərdiş deyil. Şəkərdən artıq istifadə 500 kalori deməkdir.

Mütəxəssislərin fikrincə, artıq şəkər ürək xəstəliklərinə yaxalanma riskini artırır.

Şəkər "səssiz qatil" də adlanır. Səbəbi isə piylənməyə zəmin yaratmasıdır. Piylənmə özü də bir çox xəstəliyin öncül mərhələsi sayılır.

Şəkər immunitet sistemini zəiflədir, xroniki xəstəliklərin əsl səbəbkarıdır.

Şəkər və spirtli içki bədəndə qaraciyərə qarşı eyni toksik təsiri göstərir.

Çox miqdarda və tez-tez istifadə edilən şəkər qandakı insulin miqdarını artırır, bədənin mineral balansını pozur.

Hamiləlik və südvermə mərhələsində çox şəkər qəbul edilərsə, döldə əzələ yaranmasına mənfi təsir göstərir.

Şəkər uşaqlarda hiperaktivliyi, gərginliyi, diqqət problemlərini artırır.

Şəkər yumurtalıq xərçənginə, bədəndə xrom və dəmir mineralı əskikliyinə, qastrit və onikibağırsaq xorasına, hamiləlik zamanı qan zəhərlənməsinə, diş çürüməsinə, katarakta, damar tıxanıqlığına, böyrəkdə patoloji dəyişikliklərə səbəb olur, yaşlanmanı sürətləndirir, görməni zəiflədir, qandakı E vitamini miqdarını azaldır, uşaqlarda ekzema kimi dəri xəstəliklərinə yol açır.