» » Uşaq rəsmləri nə deyir?

Uşaq rəsmləri nə deyir?

Uşaq rəsmləri nə deyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: "atanı çox istəyirsən yoxsa ananı?") ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.

Kimləsə müqayisə olunan uşaqlar həmişə böyük baş çəkirlər. Məktəb fobiyası olan uşaqlar şəkillərdə ailə fərdlərini, ev və evdə xoşbəxt uşaq şəkillərini daha çox çəkməyə meyl edirlər. Məktəb, şagird rəsmi çəkməkdən isə imtina edirlər. Öz güvən əksikliyi olan uşaqlar kağızın hamısını istifadə etmir, şəkillər yarımçıq (qurşaqdan aşağı çəkilmir)olur. Bəzən onlar kiçik fiqurlar çəkir və kağızın bir hissəsini istifadə edirlər. İnsan fiqurlarında əl və ayaqların çəkilməmiş olması etibarsızlığı və ətrafa uyğunlaşmada yaşanan çətinliyi, ünsiyyət əksikliyini, paylaşma azlığını, özündən başqa insanlarla birlikdə olmamağı, eqoizmi də ifadə edir.

Uşaq xətt şəklində ağız çəkərsə insanlarla danışmaqdan çəkinən, oval, dişləri görünən ağız çəkərsə bu ailədə uşağı danlanan biri olduğunu göstərir. Burunun böyük çəkilməsi uşağın xüsusi və məhrəm mövzularda danışacağı yetkin tapa bilmədiyini göstərir. Qısa saçlı və ya saçsız başda qulaq çəkilməməsi uşağın sosial əlaqələrdə problem yaşadığını, böyük qulaq çəkməsi tənqid olunduğunu göstərir. Geniş, bucaqlı çənə isə qərar vermədə çətinlik yaşadığını göstərir. Boyunsuz çəkilmiş ailə fərdi əsəbini idarə edə bilmir deməkdir. İncə və uzun bir boyunsa uşağın özünə davamlı nəzarət etdiyinə və arzularını çox məhdudlaşdırdığına işarə edir. Daha çox rənglənilən saç güclü olma arzusunu göstərir. Uşağın saçını vurğulayaraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını vurğulayaraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir.

Sonda onu demək istəyirəm ki, uşaqlar ilk baxışdan sadə və hər şeyə səthi yanaşan görünsələr də ətraflarında cərəyan edən hadisələrə biganə deyillər və bunlar hamısı uşağın gündəlik həyatına öz mənfi və müsbət təsirini göstərir. Buna görə də biz böyüklər uşaqlara həmişə diqqət etməli onların etmədiklərindənsə, etdiklərini qiymətləndirməyə üstünlük verməliyik. (day.az)