» » Tarakan "südü" - Gələcəyin qidası

Tarakan "südü" - Gələcəyin qidası

Tarakan "südü" - Gələcəyin qidası

Müxtəlif ölkələrdən olan bir qrup alim müəyyən edib ki, "Diploptera punctate" növündən olan diridoğan tarakanların ayırdığı zülal kristalları yüksək qidalılığa və enerji dəyərinə malikdir.

"sciencealert.com" saytı xəbər verir ki, tarakanlar ifraz etdikləri "süd"lə yeni doğulmuş fərdlərini yedirir. Hindistandakı Kötük Hüceyrələrin Biologiyası və Regenerativ Təbabət İnstitutunun alimləri aydınlaşdırıblar ki, tarakan "süd"ünün enerji dəyəri camış südünün enerji dəyərindən üç dəfə çoxdur, halbuki camış südü inək südündən qat-qat kalorilidir.

Tədqiqatçılar tarakan "süd"ünün tərkibini tədqiq edərək onun tərkibindəki zülalların istehsalına hansı genlərin məsul olduğunu aydınlaşdırıblar. Onlar müəyyən ediblər ki, kristallar tərkibində zəruri olan bütün amin turşularının, yağların və karbohidratların olduğu zülallardan ibarətdir. Bundan başqa kristallar çox sabitdir və uzun müddət saxlanıla bilər.

Yaxın gələcəkdə tədqiqat müəllifləri transgen mayaların ştammını yaratmağı planlaşdırırlar. Bu ştammların köməyi ilə həmin kristallar külli miqdarda istehsal olunacaq. Odur ki, onları həşəratlardan əldə etməyə daha ehtiyac qalmayacaq.

Alimlərin fikrincə, kristallardan doyumlu və yüksək kalorili qida və qida əlavələri kimi istifadə etmək mümkün olacaq. Hərçənd istehlakçıların bu yeniliyə necə reaksiya verəcəyi məlum deyil. Güman ki, onların çoxu ənənəvi qidalara üstünlük verəcək.