» » Öpüşmək xeyir imiş. Nəyəmi?

Öpüşmək xeyir imiş. Nəyəmi?

Öpüşmək xeyir imiş. Nəyəmi?

Niyə sevdiyimiz insanlarla öpüşmək istəyirik? Bu istək haradan, necə və niyə yaranıb? Anadangəlmə instinktdir, yoxsa sonradan qazanılır?

Fizioloji olaraq bəllidir ki, dodaqlarda olan sinir ucluqlarının təması zamanı hipofiz vəzisi qanımıza xoşbəxtlik hormonları, o cümlədən, endorfin və seratonin ifraz edir, bu da insanda eyforiya yaradır. Amma bu, tam cavab deyil: hipofiz niyə belə etməlidir ki?

Bununla bağlı birmənalı cavab yoxdur, amma bir neçə nəzəriyyə var.

Versiyalardan birini Oksford Universitetinin aliməri irəli sürmüşdülər: öpüşmək insana imkan verir ki, insan bədəni özü üçün nəsil vermək baxımından ideal tərəf-müqabili seçə bilsin. Yəni öpüşmək – qarşı tərəfin genetik keyfiyyətini müəyyən etmək üçün orqanizmə test şansı yaradır. Bu, bir növ iki orqanizm arasında informasiya mübadiləsidir. İnsanlar öpüşərkən o biri orqanizmdən kimyəvi siqnallar alırlar, bu siqnallar onlara bir-birlərinə nə dərəcədə uyğun olmaları haqqında bilgi verir. Buna əsaslanan seçim güclü immun sisteminə malik uşağın doğulmasına imkan yaradır.

Bu nəzəriyyənin xeyrinə olan arqumentlərdən biri də budur ki, qadınlar öpüşməyi kişilərdən daha çox xoşlayırlar. Çünki qadın dünyaya gətirəcəyi uşaqların gələcəyini etibarlı təmin etmək üçün qarşı tərəfi daha diqqətlə və məsuliyyətlə seçməlidir.

Başqa bir versiya insanların sürü halında yaşadığı dövrlərlə bağlıdır: o dönəmlə ki, uşaqları yedizdirmək üçün analar qidanı çeynəyib, sonra öz ağızlarından uşaqların ağzına ötürürmüşlər. Bunu indi də belə edənlər var və hətta fikir vermisinizsə, uşağın dişləri çıxandan sonra da analar onları sakitləşdirmək istəyəndə dodaqları ilə balalarına toxunurlar.

Daha bir versiya isə odur ki, öpüşərkən iki orqanizm öz arasında bakteriya mübadiləsi edir. Bu zaman qarşı tərəfin bakteriyaları bizə keçir və oqranizmin mikroflorası dəyişir. Bu, immuniteti gücləndirməyə səbəb olur.

Başqa bir versiyaya görə, qədimdə insanlar hələ duz emal etmədikləri vaxtlarda bu maddəyə olan ehtiyaclarını bir-birinin dərisini yalamaqla təmin edirmişlər. Bəzi başqa canlılar indi də belə edir.

Bütün hallarda sübut olunub ki, öpüşmək insan üçün faydalıdır. Belə bir fikir mövcuddur ki, tez-tez öpüşən insanların ömrü 10-12 il uzanır.