» » Kişilərə görə əsl qadın necə olmalıdır?

Kişilərə görə əsl qadın necə olmalıdır?

Kişilərə görə əsl qadın necə olmalıdır?

Bəzi kişilər qadın-kişi bərabərliyindən danışdığı halda, bunu yalnız söz xətrinə demiş olurlar. Çünki kişilər heç vaxt qadınların onlardan yüksəyə qalxmağını həzm edə bilmirlər. Buna görə də, kişilərin gözündə qadın baxın yazdığım kimi olmalıdır. Onlar belə qadınları evlərində qadınları olaraq, kariyera sahibi olan qadınları isə yanında sevgilisi kimi görmək istəyirlər. Buyurun oxuyun.

Kişilərin fikrincə qadın 45 kilo olmağına baxmayaraq böyük sinəli olmalıdır.

Ondan ən az 5 yaş cavan olsun. Qadınlar yaşlandıqda çökər, amma kişilər durduğu yerdə dururlar, heç qocalmırlar axı.

Nə hikmətdirsə, o günə qədər heç kimin əlini belə tutmamış qız axtarırlar. Amma kişilərə hər şey olar. Onlar qarşısına çıxan qadınla sevişə, nə istəsə onu da edə bilərlər. Çünki onlar kişidirlər...

Evlənəndən sonra qadının öz ailəsiylə görüşməyinə icazə vermirlər. İstəyirlər ki, qadın üçün onun ailəsi daha çox dəyərli olsun. Qadın bütün gününü kişinin ailəsiylə keçirmə məcburiyyətindədir . Çünki bunu kişilər belə arzulayır.

Qadın da kişi kimi işlədiyi halda evə gəlib, yeməyini tez vaxtında hazırlamalı, kişi üçün mükəmməl bir süfrə düzəltməlidir. Kişi isə televizorun qabağında ayaqlarını uzadıb, televizora baxmalıdır. Niyə? Çünki o kişidir. Kişilər evin rəisidir. Baxmayaraq ki, qadınlar da onlar kimi işləyir və onlar kimi maaş alırlar.

Kişi evdən işə gələndə işdə əsəbləşibsə, həmin gün yemək yaxşı belə olsa, "Bu nə yeməkdir, bunun duzu yoxdur" deyib qabı fırladıb atmalıdır. Çünki o kişidir. Qadın isə buna göz yumub oturmalıdır. Çünki o qadındır, onun danışmağa haqqı yoxdur. Çünki ailəsinin dağılmasını istəmir. Kişidən fərqli olaraq.

Qadın hamilə qalıb, ana olmasına baxmayaraq həmişə 36 bədən ölçüsündə qalmalı və bədənində bir dənə də olsa çat olmamalıdır. Çünki bəzi kişilər onun bu vəziyyətində təhqir edib, alçaldacaq. "Bu nə bədəndir belə, sallanır" deyib başqa qadınlarla münasibətdə olmağa başlayacaq. Qadının onun övladını dünyaya gətirməsinə baxmayaraq onu alcaldacaq .

Uşaq doğulduğunda (təbii ki, oğlan) uşağın bütün işlərini qadının üstünə yükləmək lazımdır. Axı qadın o uşağı "atasının evindən" gətirib. Uşaq ağladıqda və ya nəsə problemi olduqda "səsdən yata bilmirəm, susdur o uşağı" deyə bağırarlar. Çünki onlar kişidirlər. Onlar uşağa baxmamalıdırlar. Uşağı qadın özü-özlüyündən yaradıb axı, kişilər bunda heç bir köməyi olmayıb.

Qadınlar həm ev işlərinə həm də uşaqlarına yaxşı baxmalıdırlar. Hə, bu arada özlərinə də baxmağı yaddan çıxarmamalıdırlar. Gün ərzində saçları "ukladkalı", üzləri makyajlı gəzməlidirlər. Süd verməklərinə baxmayaraq, sinələrində yumşaqlıq olmamalıdır. Əks təqdirdə kişilərin gəzməyə və başqa qadınlarla görüşməyə ixtiyarı olur. Çünki onlar kişidirlər.

Bir qadın bir kişini evə bağlaya bilmirsə, xəyanətə göz yummalıdır. Çünki o qadındır. Onun sözünün dəyəri yoxdur.

Belə kişilərə demək istərdim ki, unutmayın sizi dünyaya gətirən də qadındır. Qadın nə olursa olsun, ən başlıca anadır, yoldaşdır. Onun da sevilməyə, hörmət görməyə ehtiyacı var. Qadın qul deyil.

Əgər eyni hüquqluyuqsa, demək ki, sizin də ailəniz üçün etməyiniz vacib olan şeylər var. Ailəni təkcə qadının çiyinlərinə yükləyə bilməzsiniz, özünüz də bir az o yükün altına girməlisiniz.

Qəmər Əlyeva