» » Döyməni sildirmək zərərlidirmi?

Döyməni sildirmək zərərlidirmi?

Döyməni sildirmək zərərlidirmi?

Son illər döymə etdirmək gənclər arasında geniş yayılıb. Lakin döymə etdirmək istəyənlərlə bərabər, onu sildirməyi arzulayanlar da az deyil. Bəs, döymə etdirməzdən əvvəl nələrə diqqət etmək lazımdır?

Ucarliyiq.biz publika.az-a istinadən bu yazıda döymə ilə bağlı bir çox suallara aydınlıq gətirib. Türkiyəli dermatoloq Fügen Ərdoğan Çekin bildirib ki, döyməni daha çox gənclər etdirir və sonradan çoxu peşman olur. Dermatoloqun sözlərinə görə, gigiyenik cəhətdən təmiz olmayan yerlərdə edilən döymələr dəridə bir sıra sağlamlıq problemlərinə səbəb olur:

"Boya dəri altına iynə ilə inyeksiya edilir. İynələrlə işlənilən boyalar birbaşa dərinin altına yeridildiyi üçün qanın zəhərlənməsinə səbəb olur. Qalıcı makiyaj da bir növ döymədir, sadəcə, istifadə olunan boyalar fərqlidir. Boya ilə bağlı reaksiyalar döymədən dərhal sonra olduğu kimi illər ərzində də inkişaf edə bilər.

Günümüzdə döymə üçün nəzərdə tutulan boyalara müxtəlif kimyəvi maddələrdən ibarət qarışıqlar əlavə edilir. Avropa Birliyinin risk qiymətləndirilməsində qeyd edilib ki, Avropa ölkələrində istifadə edilən kosmetik boyaların bir qisminin də kanserogen ola biləcəyi bildirilir".

Döymə edilən maddələrin keyfiyyətini mütləq öyrənin!

Dermatoloq xroniki allergiya, sədəf xəstəliyi, ya da hər hansı dəri xəstəliyi olanlara döyməni qəti şəkildə qadağan edir. O, söyləyib ki, bədəndəki yara izini, xalı və bir sıra izləri gizlətmək üçün döymə etdirmək yaxşı fikir deyil:

"Bəzi səbəblərdən dolayı döyməni sildirmək istəyənlər də olur. Ona görə də, döymə etdirməyi arzulayanlarla, onu sildirmək istəyənlərin sayı təxminən eynidir. Üstəlik, heç bir iz qalmasını da istəmirlər. Qara döymələr daha tez silinir. Lakin rəngli, xüsusən də, sarı, mavi və qırmızı rəngli döymələr üzərində bir xeyli işləmək lazım gəlir. Yeni edilmiş döymələr də asanlıqla silinmir.

Döyməni silməyin bir neçə müasir üsulu var. Döymənin örtmüş olduğu sahə və rəngin dərinliyinə görə, döymə-silmə əməliyyatında fərqli yollar istifadə edilir. Hazırda ən çox istifadə olunan, ən təhlükəsiz və ən təsirli üsul lazerdir. Lazerdə yerləşən enerji döymənin olduğu toxumanı buxarlaşdırır və beləcə, döymənin silinməsini reallaşdırır. Döymə nə qədər dərin olsa, proses bir o qədər ağrısız başa gələcək. Lazerlə döymə sildirməkdə böyük rol oynayan digər amil onun edildiyi nahiyədir. Məsələn, üz və boyun bölgələrini silmək daha asandır. Bədəndə edilən döymələri silmək daha çətindir.

Lakin döymə düzgün silinməyəndə izlər, yanıqlar da qala bilir. Buna görə, işinizi peşəkar həkimə həvalə edin"-deyə dermatoloq bildirib.