» » "Yanağından yaş axa-axa şamları yandırdı" - Atası dənizdə batan körpənin dəhşətli hekayəsi

"Yanağından yaş axa-axa şamları yandırdı" - Atası dənizdə batan körpənin dəhşətli hekayəsi

"Yanağından yaş axa-axa şamları yandırdı" - Atası dənizdə batan körpənin dəhşətli hekayəsi

Hekayə "Günəşli" yatağındakı faciədə həyatlarını itirmiş neftçilərə və onların ailələrinə ithaf edilir…

Bir həftə öncə 12 yaşı tamam olmuşdu. 12-ci yaşında tortun üzərindəki şamları üfürərək gözlərini yumub nələrisə arzulamışdı. Onunla Allah arasında qısa bir dialoq olmuşdu. Tortun ilk dilimini də həyatda hər kəsdən çox sevdiyi atasına dadızdırmışdı.

- Oğlum, bəs deməyəcəksən, nə arzuladın?

- Ata, sənin kimi güclü və qorxusuz olmağı.

- Kim deyir ki, mənim qorxum yoxdur.

- Nə? Ata, sən nədən qorxursan ki? Sənin nədənsə qorxduğuna inanmıram.

O an anası əlində aş otağa daxil oldu. Söhbət dəyişdi, ata-balanın fikri də bayaqkı dialoqdan yayındı. Onun sualı cavabsız qaldı.

Ertəsi gün atası işinə - dənizə - neft şəhərinə getdi. Yenə 15 günlük ayrılıq olacaqdı. Ağlı kəsəndən bəri bu qısa ayrılıqları çox yaşamışdı. Amma hər şeydə olduğu kimi, bu təkrarçılıq onun üçün adiləşməmişdi. Hər dəfəsində eyni həyəcan, eyni qorxu, eyni maraqla atasını və onun danışacağı əhvalatları həsrətlə gözləyirdi.

Atası hər dəfə dənizdə olan fırtınalardan danışanda onun canına vahimə düşürdü. Eşitdiyi hər sözü canlandırıb hadisənin real iştirakçısına çevrilirdi. Beləcə, atası danışdığı bu çətinliklər, bu vahiməli mənzərələr fonunda onun gözündə daha əzəmətli, daha qorxusuz və daha güclü görünürdü. Atasına vurğunluğu, ona bənzəmək istəyi günbəgün artırdı, içində böyüyürdü.

Doğum günündən üç gün keçmişdi. Adəti üzrə, yuxudan duran kimi təqvimi götürdü. Onu atasından ayıran daha bir günün üstündən xətt çəkdi. 12 gün qalırdı. Yuyunduqdan sonra səhər yeməyini yeyib məktəbə gedəcəkdi. Zəng gəldi, anası telefona cavab verər-verməz ağzından bir kəlmə çıxdı: "YOX!" Sonra ağlayaraq onun üstünə qaçdı və bərk-bərk qucaqlayıb hıçqırdı.

O isə hələ də nə baş verdiyindən xəbərsiz və çaşqın idi.

- Ana, sənə nə oldu? Zəng edən kim idi?

Anası durmadan ağlayır və heç nə demirdi. Bir qədər sonra o da anasına sarıldı və səbəbini bilmədiyi halda ağlamağa başladı.

Nəhayət, anasının hıçqırtı dolu səsini eşitdi:

- Oğlum, atan...

- Nə? Nə olub atama? Tez ol, de görüm nə olub?

- Dünən gecə fırtına zamanı atanın iş yerində partlayış olub.

- Atam ölüb?

- Yox, oğlum, bilinmir. O və bir qrup neftçi dənizə düşüblər, dalğalar onları harasa aparıb. Onlardan xəbər yoxdu.

- Deməli, ölməyib, hə? Mənim atam güclüdü, yaxşı üzməyi də bacarır. Dənizə düşübsə, üzüb gələcək, sən bilirsən o necə dalğaların, fırtınaların öhdəsindən gəlib?! Özü mənə danışmışdı hamısını. Bu dəfə də bacaracaq. Dəniz onun dostudu, ona zərər yetirməz. Atamı bizə qaytaracaq. Ağlama...

Bu dəm ana oğluna dünyada hamıdan çox inanmaq istəyirdi, amma dəstəyin o başından gələn səs... O səs heç bir ümid yeri qoymamışdı. Qısa zaman ərzində hadisədən xəbər tutan qohum-əqrəba bir araya toplaşdı. Hər kəs telefon başında bir xəbər gözləyirdi. Zənglər ara vermir, geridə qalan hər saniyə onun qəlbində cücərən qorxunu daha da böyüdürdü. Ruhunu əzərək onu kiçildir, cılızlaşdırırdı.

Artıq ağlaya da bilmir, içində bəslədiyi ümidi böyütmək üçün anasının, nənəsinin, əmisinin üzündə zərrə qədər də olsa, ümid işartısı tapmağa çalışırdı. Amma... Axtardığını görmədikcə yazıqlaşaraq öz qınına çəkilən tısbağa kimi başını çiyinləri arasına sıxaraq gözlərini bir nöqtəyə zilləyib, xəyalən dənizə, dalğaların arasında atasını axtarmağa gedirdi.

Nənəsi uca səslə ağlayır, fəryad edirdi.

- Bu, nə taledi balama qismət oldu?! Uşaqlıqdan yetimliyin nə olduğunu bildi, uşaqlığını yaşamadan tez böyüdü, tez kişiləşdi. Bizə sahib çıxdı, hər şeyə dözdü, çətinliklərə qatlaşdı, üzümüzü daima güldürdü. Özü də ayaqda qalmağı bacardı, məni də, bacısını da, qardaşını da ayaqda saxlamağı bacardı. Həyatda ən çox qorxduğu da bu tifilin onun kimi atasız böyüməsi idi. Çünki onu güclü olmağa məcbur edən atasızlığın nələr hesabına başa gəldiyini yaxşı bilirdi. Yazıq balamın qorxduğu başına gədi.

Nənəsinin sözləri onu üç gün əvvələ ­­- ad günü gecəsinə apardı. Atası ilə dilaloqunu və verdiyi sualın cavabsız qaldığını xatırladı... Və səssiz-səssiz xısıldadı: "Onun da qorxusu varmış".

Vaxt keçdikcə evə gələnlərin sayı artırdı. Artıq gələnlər ona təsəlli verirdilər.

- Sən artıq yekə kişisən. Güclü olmalısan. Anana dayaq olmalı, onu sınmağa qoymamalısan.

Bir müddət sonra eşitdiyi oxşar ifadələr ona anlamsız söz yığını kimi gəlirdi. Artıq onları eşitmir, görmürdü. Gözləri qarşısında yalnız atasının xəyalı vardı.

Bir ifadə onun qulağında cingildədi.

NƏ? "Güclü olmalıyam". Bir az fikrə getdi. "Axı... Axı mən belə güclü olmaq istəmirdim".

Artıq saat altı idi, şər qovuşmuşdu. Gizlincə yan otağa keçdi, anasının çantasından pul götürüb, evdəkilərin gözündən yayınaraq çölə qaçdı.

Birbaşa ad günündə atası ilə birgə tort aldığı şirniyyat mağazasına gəldi. Həmin tortdan birini aldı, sonra eyni ilə ogünkü şamdan da on iki ədəd aldı. Gödəkçəsini geyinməsə də, bayırdakı soyuğu hiss etmirdi. Birbaşa sahilə endi. Tortu açıb, şamları üstünə düzdü, amma külək imkan vermədi ki, onları yandırsın. Yanağından yaş axa-axa bir dalda yerə çəkildi, nəhayət, şamları yandırdı. Sonra onları üfürərək gözlərini rəngi qarışmış dənizin ənginliklərinə zilləyib uca səslə bağırmağa başladı: "Mən güclü olmaq istəmirəm, atamı istəyirəm, ATAMI..."

Elçin Murad