Sakit okean.

Sakit okean.


4 okeandan ən böyüyü. 179,7 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir. Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur. Okean ekvator boyunca geniş məsafədə uzanır, ona görə də ən isti okean hesab olunur. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Flippin dənizində yerləşir. Okeanın şərqində sahil xətti az girintili-çıxıntılıdır, qərbində – Avrasiya sahillərində bir çox yarımadalar vardır. Bunlardan Kamçatka, Koreya, Hindçin, Malakka yarımadalarını göstərmək olar. Sakit okeanın 19-dan çox dənizi var. Bunların əksəriyyəri okeanın qərbində, Avrasiya ilə adalar arasında yerləşir. Sakit okeanda 10.000-dən çox ada vardır. Okeanda mənşəyinə görə adaların bütün tiplərinə rast gəlmək olar. Bunlardan ən böyükləri Saxalin adası, Yapon adaları, Filippin adaları, Kalimantan və Yeni Qvineya adalarıdır.

Okeanın tədqiqi tarixi
Sakit okean sahillərində və adalarda yaşayan xalqlar çox qədim zamanlardan onu öyrənməyə başlamış, sərvətlərini mənimsəmişlər. Sakit okeanı ilk dəfə avropalılardan 1520-21-ci illərdə Fernando Magellan üzərək keçmişdir. Okeanda üzdükləri zaman heç bir fırtınaya rast gəlmədiklərinə görə ona Sakit okean adını da Magellan vermişdir. Lakin bu okean heç də sakit deyildir. Dünyanın bir çox səyyah və alimləri okeanın təbiətini öyrənməyə çalışmışdır. Son yüzillikdə Sakit okeanın təbiəti haqqında yeni məlumatlar əldə edilmiş, onun maksimum dərinliyi müəyyən edilmişdir. Okean dibinin relyefi, cərəyanların xüsusiyyətləri, ən dərin çökəkliklərdə üzvi aləmin həyat tərzi öyrənilməkdədir.

Relyefi
Sakit okean ən dərin okeandır. Okeanın orta dərinliyi 4.028 metr, maksimum dərinliyi isə Marian çökəkliyində 11.022 metrdir. Sakit okean bütövlükdə bir litosfer tavası üzərində yerləşir ki, bu da öz sərhədlərində digər tavalarla qarşılıqlı təsirdədir. Bu qarşılıqlı təsirlər yer səthində və su altında zəlzələlər, vulkan püskürmələri ilə müşayiət olunur. Okeanın dibindən püskürmüş lavanın həcmi materiklərdə püskürmüş lavaların həcmindən üç dəfədən də çoxdur. Sakit okean sahillərində quruda çoxlu vulkan vardır. Bunlar fəaliyyətdə olan vulkanlardır. Okeanın şimal hissəsində fəaliyyətdə olan vulkanlar daha çoxdur. Sakit okeanın dib relyefi də mürəkkəbdir. Şelf zonası Sakit okeanda az sahə tutmasına baxmayaraq Asiya və Avstraliya sahillərində nisbətən genişdir. Materik yamacları sıldırım və pilləvarıdır.
İri qalxmalar, ayrı-ayrı dağlar və dağ silsilələri okean yatağını çökəkliklərə bölür. Okeanda ən böyük sualtı silsilələrdən Cənubi Sakit okean sualtı dağlarını, Şərqi Sakit okean sualtı dağlarını göstərmək olar. Sakit okeanın dağ silsilələri ilə materiklərin kənarı arasında böyük çökəkliklər də vardır. Mərkəzi Sakit okean çökəkliyi, Şimal-Şərq çökəkliyi, Cənub çökəkliyi, Qərb çökəkliyi daha böyükdür. Sakit okeanın bir sıra ən dərin çökəklikləri uzun və dərin novları xatırladır. Bunlardan Aleut, Qvatemala, Peru, Çili, Filippin, Kuril-Kamçatka çökəkliklərini göstərmək olar. Sakit okeanda dağəmələgəlmə prosesləri, vaxtaşırı vulkan püskürmələri və zəlzələlərlə müşayiət olunur. Zəlzələ zamanı okeanda güclü sunami dalğaları yaranır.

İqlim
Sakit okean qütb iqlim qurşaqlarından başqa bütün iqlim qurşaqlarında yerləşir. Sakit okeanda 25° şimal və cənub enlikləri arasında passat küləkləri hakimdir. Qərb hissəsində musson küləkləri əmələ gəlir. Yayda cənub-şərqdən əsən musson küləkləri rütubətli okean havasını Cənub-Şərqi Asiya və Çinin bir hissəsinə doğru aparır. Qışda materikdən soyuq və quru musson küləyi əsir ki, bu da okeanın iqliminə xeyli təsir göstərir, hətta okeanın kənar dənizlərinin bir hissəsi buzla örtülür. Okeanda temperatur paylanması üfüqi zonallığa uyğun gəlir. Tropik qurşaqda 25-27 °C hərarət olur. Şimala və cənuba getdikcə temperatur aşağı düşür. Ekvator boyunca böyük bir zolaqda yağıntının miqdarı 2000-3000 mm-dir. Havay adalarında illik yağıntının miqdarı 3500-4000 mm, Kauan adasında bəzi illərdə 12.000 mm-dən çox olur. Sakit okeanda yağıntılar buxarlanmalardan üstündür. Bu isə okeanda səth sularının duzluluğunun aşağı olmasının əsas səbəblərindəndir. Sakit okeanın maksimum duzluluğu 35 promilldir. Çay mənsəblərində bu göstərici çox aşağıdır. Sakit okeanın qərb hissəsinə yağıntı az düşür, bu ərazidə güclü qasırğalar olur. Mülayim enlikdə bütün fəsillərdə fırtınalar tüğyan edir, tez-tez qasırğalar baş verir. Qasırğalar okean suyunu bütöv bir dağ kimi göyə qaldırır, dalğaların hündürlüyü bəzən 25 metrə çatır.

Təbii Qurşaqları
Sakit okeanda qütb qurşaqlarından başqa bütün iqlim qurşaqları mövcuddur. Bunların hər birinin də öz xüsusiyyəti vardır. Tropiklər arasında okeanın böyük ərazi tutması nəticəsində Sakit okean suları digər okean sularından daha istidir. Suyun temperaturu tropiklər arasında 19 °C, ekvatorda isə 29 °C-dir. Antarktika sahillərində isə suyun temperaturu -1 °C-yə qədər düşür. Qütbyanı qurşaqdakı dənizlərdə sular intensiv qarışır, ona görə də suda balıq daha çox olur. Burada qızılbalıq, mintay, kambala, siyənək balıqları ovlanır. Şimal mülayim qurşaq çox böyü ərazini əhatə edir. Bu qurşaq qərb küləklərinin güclü təsiri altındadır. Burada tez-tez fırtınalar olur. Mülayim qurşağın qərb hissəsi dəniz orqanizmlərinin növ müxtəlifliyinə görə ən zəngin ərazidir. Ekvatorial qurşaq üçün müxtəlif cərəyanların mürəkkəb qarşılıqlı təsiri səciyyəvidir. Cərəyanların sərhədlərində dərinlik sularının səthə doğru qalxması güclənir, bu sahələrdə bioloji məhsuldarlıq artır. Bu qurşağın qərb hissəsində özünəməxsus təbii kompleks əmələ gəlir. Zond adaları və Şərqi Avstraliya sahilləri yaxınlığında şelflərdə canlı aləm daha zəngindir. Sakit okeanın cənub tropik qurşağında, Avstraliya sahilləri yaxınlığındakı Böyük Sədd Rifi təbii kompleksi vardır. Bu, yer üzərində mərcanlar tərəfindən yaradılan ən iri dağ silsiləsidir. Mərcanlar açıq-yaşıl, sarı, qırmızı, mavi, bənövşəyi rəngdə olur. Burada çoxlu molyusklar, dərisitikanlılar, müxtəlif balıqlar yaşayır. Tropik qurşağın suları balıqlarla olduqca zəngindir. Burada 2000-ə yaxın balıq növü yaşayır. Mülayim qurşaqda yerləşən Berinq dənizində də balıq növləri çoxdur (təxminən 800-ə qədər). Ümumiyyətlə tropik qurşağın sularında üzvi aləm zəngindir. Sakit okeanın cənub sahillərində Antarktidadan üzüb gələn aysberqlər müşahidə olunur. Gəmiçilik üçün təhlükəli olan bu nəhəng buz dağları 40° cənub enliyinə qədər gələ bilirlər.

Təbii Ehtiyatları
Sakit okeanın təbii sərvətləri hələ qədim zamanlardan insanlar tərəfindən istifadə edilməyə başlanmışdır. 30-dan çox ölkənin ərazisi Sakit okeanla hüdudlanır. Dünya əhalisinin təxminən yarısı bu okeanın hövzəsində məskunlaşmışdır. Okeanın zəngin biloji və mineral ehtiyatları vardır. Dünyada tutulan balığın 1/3-ni Sakit okean verir. Burada balina, morj, suiti, yenkəc, krevet və s. ovlanır. Sakit okeanda 4 mindən çox bitki npvü yayılmışdır. Şelf zonasından neft çıxarılır (İndineziya, Malayziya, Yaponiya, Avstraliya, ABŞ ərazisində). Okean suyundan kimyəvi təmizləmə aparmaqla qızıl, mis, sink, duz və digər maddələr alınır. Okeanın dibindən də filiz faydalı qazıntılar hasil olunur. Sakit okeanda güclü dalğalar mütəmadi olaraq müşahidə olunur. Bu dalğaların gücündən enerji mənbəyi kimi istifadə olunması sahəsində ABŞ-da, Yaponiyada tədqiqatlar aparılır. Sakit okean həm də mühüm nəqliyyat yollarının keçdiyi ərazidir. Dünyada dəniz nəqliyyatının yük tonnajına görə Sakit okean 20-ci əsrin 70-ci illərindən etibarən ən çox yük daşınılan okeana çevrilib.
Share

Oxşar xəbərlər

2 Rəylərin sayı:.

  1. 24 mart 2013 17:23
    BU OKEAN HAQQDA BEZI MELUMATIM VARDI BILMEDIYIMI BILDIM TWK

  2. 24 mart 2013 16:16
    sakit okena haqqinda bilmediylerimide bildim cox sagol

Rəy əlavə et

*
  • sual: doqquz+bir=necə?
  • Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

    Şəxsi mesajlar

    Sizin yazışmalar