» » Ərinizin anası olmayın! – Qadınlara məsləhət

Ərinizin anası olmayın! – Qadınlara məsləhət

Ərinizin anası olmayın! – Qadınlara məsləhət

Evlilikdəki rol bölüşməsi cütlüklərə necə təsir edir? Sonxeberaz aile.lent.az-a istinadən evliliklərdə böyük problemlər yaradan bu hal haqqında bilməli olduqlarınızı təqdim edir.

Cəmiyyətimizdə qız uşaqlarının hər biri bir kiçik anadır. Onsuzda qız uşaqları doğuşdan ana kimi doğulur. Uşaqlıqda sevimli kuklasını geyindirir, dizlərində yatızdırır, üzərini kiçik əlləri ilə örtür, "lay-lay" deyir, körpəsini yatızdırır. Anasına, atasına rəngarəng, oyuncaq fincanlarında çay verir, yemək hazırlayır. O kiçiklikdən bir anadır, gülüşündən şəfqət axır.

Şəfqət və sevgi balansında olmalıdır

Analar da kiçik qız övladlarının ana olmaq sevgisini dəstəkləyir, özündən kiçik qardaş, ya bacısına qulluq etməkdə onun yardımını istəyirlər. Əlinə kiçik parça verərək yarımçıq da olsa ev işlərini görməsinə şərait yaradır. Qız uşaqları əsasən kiçik ikən bu analığı öyrənir, hər kəsi düşünür. Bacı-qardaşlarını, anasını-atasını düşünərək, hər kəsin işini asanlaşdıraraq böyüməyi öyrənir, bu qədər işin gücün arasından özünə şəfqət göstərməyi, özünə yaxşı baxmağı öyrənəcək vaxtı heç cür olmur.

Nəhayət, kiçik qız uşağı böyüyür. İçində böyütdüyü analığı tam olaraq gerçəkləşdirə biləcəyi anlar gəlib yetişir. Artıq bir həyat yoldaşı və uşaq sahibi olurlar. İçindəki bütün şəfqəti, sevgini verəcəyi zaman gəlib yetib artıq. Verdikcə dəyərli olduğunu, verdikcə sevdiyini hiss edir. Ancaq dünyanın bu ən gözəl duyğusu öz qədərində olmalıdır.

Unutmayın ərinizin anası siz deyilsiniz!

Sevdiklərinizi xoşbəxt etmək, onlar üçün bir şeylər etmək nə gözəl bir duyğudur! Ancaq evlilikdə ərinizə qarşı analıq rolu oynamamız problemlər ortaya çıxara bilər. Əvvəlcə unutmayın ki, siz ərinizin anası deyilsiniz. Ərinizin sevdiyi yeməyi düşünüb bişirməniz, onun sevəcəyi filmə bilet alıb sürpriz etməniz normaldır, ancaq əsas problem əri tərləyib deyə kürəyinə parça qoymaq istəyən, dərmanlarını atsın deyə əlində dərmanla ərinin arxasınca qaçan qadınlardadır. "Get yat, səhər dura bilmirsən" deyəndə "İmkan ver, rahat oturum, uşaq deyiləm ki! " kimi cavab alırsınızsa, burada bir problem var. Deməli, ər-arvad olduğunuzu, bir münasibət yaşadığınızı çoxdan unutmusunuz, ərinizin uşaq deyil, artıq yetkin bir kişi olduğunun fərqində deyilsiniz.

Özünüzü boş yerə yormayın

Bəlkə də deyəcəksiniz ki, "Mən onu düşünməsəm, o, heç özünü düşünməz", "O, uşaq kimi davranır deyə mən də analıq edirəm". Qoyun böyüsün. Bunların hamısı bəhanədir. Bilin ki, siz analıq, fədakarlıq etdikcə özünüzü daha dəyərli hiss edirsiniz. Əslində bu fədakarlığın altında bir eqoistlik var. Hər şey sizin nəzarətiniz altında olsun, siz çox verin ki, çox sevilin istəyirsiniz. Özünüzü aldatmayın, boş yerə də yormayın.

Bu halın hər iki tərəf üçün də mənfi yanları var. İndi bundan zövq almış ola bilərsiniz, ancaq vaxt gələcək ki, siz görəcəksiz illər sizi çox yormuş, tükənmişsiniz. Ömür özünüz üçün heç bir şey etmədən axıb getmiş. Gün gələcək deyəcəksiniz ki, mən bu qədər çalışıram, bu qədər yoruluram ancaq bu adam mənə nə verir, yükdən başqa? Hörmət, sevgi, güvən haradadır?

Ana ilə yaşamaq ömür boyu rahatlıqdır, amma…

Həyat yoldaşınıza gəlincə, bəlkə siz ona analıq etdikcə həyatı çox asan olacaq. "Evlilik sultanlıq imiş" deyəcək. Amma gün gələcək qolunda bir həyat yoldaşı, qarşısında ona sevgiylə baxan bir sevgili, qəhvənin yanında bir dost istəyəcək. Siz onun anası olsanız, o özünə sevgili istəyəcək, çünki hər bir kişi anasını sevir, ancaq sevgili istəyər, sevmək, sevgi yaşamaq istəyər.