» » Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başladı

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başladı

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başladı
Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünün açılışına start verib.

Ucarliyiq.biz - in məlumatına görə, kollektivi qəbul edən teatrın direktoru Mübariz Həmidov əməkdaşları salamlayaraq, yeni mövsümə başlanılması münasibətilə onları salamlayıb və ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib.

M.Həmidov qeyd edib ki, sentyabrın 19-da teatr öz qapılarını tamaşaçılarına açacaq.

Həmin gün saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Culyetta” tamaşaları göstəriləcək. Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

İki hissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir.

Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.

Sentyabrın 20-də saat 19.00-da yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, əməkdar Artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları əməkdar Artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Teatrda 88-ci mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad” və hər il olduğu kimi uşaqların yeni il tətili üçün uşaq tamaşaları hazırlanacaq. Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

B.Basanqov adına Kalmık Milli Dram Teatrı ilə qarşılıqlı yaradıcılıq əlaqələri də davam edəcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında imzalanmış ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etdirilir.

Müqaviləyə əsasən, Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabr ayının əvvəllərində Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) və Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış edəcək.

26-30 oktyabr tarixlərində isə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.