» » Mən sənə sevməyi necə öyrədim?

Mən sənə sevməyi necə öyrədim?

Mən sənə sevməyi necə öyrədim?


Mən sənə sevməyi necə öyrədim?



Dəli bir şimşək ol gözlərimdə çax,
Qəmimdən boşalıb, sevincimdən ax,
Məndən dilədiyin diləyə bir bax
Mən sənə sevməyi necə öyrədim?

Könlümü üşüdən sazaq deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?

Sınıq təbəssümün gülüş deyil ki,
Hər görüş mən deyən görüş deyil ki.
Məhəbbət bir sığal, öpüş deyil ki
Mən sənə sevməyi necə öyrədim?

Dinmirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum,
Yazı yazmırsan ki əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?

Baxışlar sevinib göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə.
Dünyaya səninlə bir gəlməyibsə
Mən sənə sevməyi necə öyrədim?

Bu gizli sevdada hekayət nədir,
Kədərə bükülü səadət nədir?
Heç özüm bilmirəm məhəbbət nədir
Mən sənə sevməyi necə öyrədim?