» » Arif Quliyev: Mən dilənçi deyiləm

Arif Quliyev: Mən dilənçi deyiləm

Arif Quliyev: Mən dilənçi deyiləm

ucarliyiq.biz Xalq artisti Arif Quliyevin Unikal.org-a verdiyi müsahibəni təqdim edir.

- Arif müəllim, həyat yoldaşınızın səhəti ilə bağlı danışardınız…. 

- Həyat yoldaşım möhkəm xəstədir. Sözün həqiqi mənasında, başımı itirmişəm. Çünki həyat yoldaşım elə bir xəstəliyə tutulub ki, bu, gündəlik qayğı, böyük narahatçılıq, bahalı dərmanlar tələb edir. Amma yavaş-yavaş yola veririk. Allahın köməkliyi ilə həyat yoldaşım sağalacaq.

1 il 4 ay bundan əvvəl də özüm beyin əməliyyatı keçirtmişəm. Türkiyədə baş tutan bu ağır əməliyyat üçün mənə cənab prezident İlham Əliyev köməklik edib. İndi yoladşımın müalicəsi üçün yenidən prezidentə müraciət etməyə üzüm gəlmir, utanıram. Heç kimin mənə borcu yoxdur. Ola bilsin, kiminsə ürəyi istəyər, imkanı olar, ailəmin xəstəliyinə köməklik edər. Amma mən dilənçi deyiləm ki, kimə gəldi ağız açım.

 - Bəs bu məsələyə görə jurnalistlərdən niyə narazısınız? 

- Müayinə üçün hansısa xəstəxanaya gedirəm. Biri məni xəstəxanada görən kimi, jurnalistlərə o saat xəbər edir, sayt və qəzetlərdə yazırlar ki, Arifi “nasılka”da xəstəxanaya gətirdilər. Yəni mənim barəmdə şişirdilmiş “xəbərlər” yayırlar. Bu, məni narahat edir. Arif dəmirdən deyil ki! Mən də insanam, arada səhhətimlə bağlı narahatlığım ola bilər və bunun üçün xəstəxanaya müayinəyə gedə bilərəm. 

 - Bir müddət əvvəl demişdiniz ki, konsertlər vermək və buradan yığılan pulla həyat yoldaşınızı müayinə etmək istəyirsiniz… 

- Görək də hazırlaşıram. İstəyirəm proqram hazırlayım və rayonlarda konsertlər təşkil edim. Rusiyada da bir neçə dostum var. Onlar məni çağırırlar. Təklif edirlər ki, gedib konsert verim. Mən səhhətimlə bağlı təyyarəyə minə bilmirəm. Gərək qatarla gedim. 

- Təyyarəyə minə bilməməyinizin səbəbi nədir?

- Təyyarədən və liftdən qorxuram. Təyyarədə olduğum zaman iki dəfə qəza vəziyyəti yaranıb. Bundan sonra təyyarə ilə səyahət edə bilmirəm. 15 il bundan əvvəl Astarxana təyyarə ilə gedəndə qəza enişi etdi. Çox böyük stress keçirdik. Təyyarə eniş edərkən təkəri açılmadı, 40 dəqiqə dənizin üstündə fırlandı.

Bir dəfə də Krosnoyarskiyə gedəndə qapılar açılmadı. İnsanların nəfəsi təyyarənin içində daralırdı. O vaxtdan beynimdə ağrılar başladı. Nəfəs ala bilmirdik və zorla qapıları açdılar. Bayıra xərəkdə çıxarıldıq. Liftdə isə üç dəfə ilişib qalmışam. Axşam saat 2-dən səhər saat 8-ə qədər gecəni liftdə keçirmişəm. Ona görə də təyyarəyə və liftə qarşı qorxum var.

Sankt-Peterburqda bir dostum yaşayır. Məni müalicə olunmağım üçün ora dəvət edir. Deyir, nə lazımdırsa, köməklik edəcək. Amma qarşıma 1 milyon da qoysan, mən təyyarəyə minmərəm. Düz 15 ilə yaxındır ki, təyyarədən istifadə etmirəm. 

 - Seriallara çəkilmək üçün dəvət alırsınızmı? 

- Əvvələr məni dəvət edirdilər. Amma son illər dəvət almıram. Komediya janrında çəkilən serial yoxdur. Ola bilsin, bu səbəbdən dəvət olunmuram. Hər serialda Arif Quliyev ola bilməz ki?! Hansı kinoya, verilişə məsləhətəmsə gedirəm. Son illər dəvət almamağımın səbəbini mənə uyğun obrazın olmamasında görürəm. Əgər uyğun olsa, rejissor məni dəvət edər. Bir dəfə Elməddin məni “Qız atası” serialında çəkilməyə dəvət etdi. Getdim, çəkildim.

 - Son zamanlar çəkilən serialları necə qiymətləndirirsiniz?

 - “Seriallarımız çox gözəldir. Dəyərlidir. Süjetləri, aktyor seçimləri əladır. Bizim gənc rejissorlarımızın adını bilməsəm də, amma çox çalışqandırlar. Azərbaycanda seriallar məni qane edir”. Sən jurnalist olaraq öz yazınla çıxış et. Məni danışdırıb “qane etmir” sözünü almaq istəyirsənsə, bu, mümkün deyil. Yazmaq, ictimailəşdirmək imkanı səndədir. Nöqsanları sən yazmalı və sən deməlisən. Mən isə demirəm. 

- Axı, bu sahənin peşəkar insanı sizsiniz. Niyə siz danışmayasınız? 

- Mən danışmıram. Hər şeydən razıyam. Başqa aktyoru çağır, ona belə suallar ver. Məni istəyən adam intriqalı sual verməz. Sən məni qonaq çağırmısan. Mən də gəlmişəm. Bir stəkan çayını içib, indi isə sağollaşıram.