» » ADNA-nın adı dəyişdi, yeni rektor təyin edildi

ADNA-nın adı dəyişdi, yeni rektor təyin edildi

ADNA-nın adı dəyişdi, yeni rektor təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Ucarliyiq.biz xəbər verir ki, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
Prezident Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilməsi barədə də sərəncam imzalayıb. Sərəncama əsasən, Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutu) mühəndis-fizikası fakültəsinin Metallar Fizikası ixtisasına daxil olub. Mustafa Babanlı 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.
M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.
M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.
4 noyabr 2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29 dekabr 2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilib.
Ailəlidir, 2 qızı, 1 oğlu var. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.