» » 2 milyona yaxın insan azərbaycanlılara heyran qaldı (VİDEO)

2 milyona yaxın insan azərbaycanlılara heyran qaldı (VİDEO)

2 milyona yaxın insan azərbaycanlılara heyran qaldı (VİDEO)

Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edən “Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub.
Filmi izləyənlər, nümayiş sonrası təəsürratlarını 1990-cı il 20 Yanvar hadisələrinin canlı şahidi və filmin rejissoru Vahid Mustafayevlə bölüşüblər.
Kinorejissorsa, əməyinin bəhrəsinə verilən mükafatla yanaşı, dünyanın 20 Yanvar günü Azərbaycanda baş verənləri məhz “Qanlı Yanvar” filmi vasitəsilə öyrənə bildiyindən fərəhlənir.
Bu il keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə filmini nümayişə çıxaracaq. Azərbaycanı isə bu festivalda yalnız “Qanlı Yanvar” filmi təmsil edir.
Dünyanın ən nüfuzlu film festivalında nümayiş etdirilən “Qanlı Yanvar” mükafata layiq görüldü. Milyonlarla tamaşaçı auditoriyası olan Monreal Beynəlxalq Film Festivalının prezidenti mükafatı kinorejissor Vahid Mustafayevə təqdim edib.
“Çox uzaq bir ölkədən filmin nümayiş etdirilməsi bizdə hər gün baş verən bir hadisə deyil. Bu böyük mədəni irsə və tarixə malik olan bir ölkədir. Gələcəkdə bu cür filmlərdən daha çox nümayiş etdirəcəyik. Festival adından bu diplomu filmin rejissoru Vahid Mustafayevə təqdim etməkdən qürur duyuram. Onun filmi bu gün Monreal festivalında nümayiş etdirildi”, - deyə Monreal film festivalının prezidenti Serxio Lis bildirib.
Azərbaycanın ən yeni tarixinə işıq tutan filmin rejissoru baş vermiş hadisələrin canlı şahidi kimi 90-cı ilin yanvar ayında yaşananları böyük tamaşaçı kütləsi önündə bir daha xatırladıb. Vahid Mustafayev filmin layiq görüldüyü mükafatı sadəcə rejissor uğuruna verilən dəyər kimi deyil, həm də xalqın tarixinə verilən diqqət kimi qiymətləndirib:
"Fəxr edirəm ki, Azərbaycan kinomotoqrafiyası belə yüksəklərə gəlib çatıb. Düşünürəm ki, bu filmin Kanadada nümayişi Azərbyacan həqiqətlərini bütün dünyaya çatdırmağa kömək edəcək. Həmçinin bizim kinomotoqrafın da burada olması böyük bir məsələdir” - deyə rejissor bildirib.
Kinorejissor önəmli bir məqəma da toxundu. Vahid Mustafayev bu filmin nümayişi ilə Avropa tamaşaçısında Azərbaycan tarixi ilə yanaşı, gəncliyimiz haqda da müsbət fikir formalaşdığının şahidi olub:
“Burda çox maraqlı bir faktla qarılaşdım. “Qanlı Yanvar” filminə baxan insanlar dedilər ki, biz Azərbaycandakı gənclərin qeyrətinə, onların müstəqillik və azdlıq sevərliyinə heyran qaldıq. Biz Azərbaycana gəlib Azərbaycanı görmək istəyirik. Sözsüz ki, bu mənim gözləmədiyim bir hadisə idi. Amma film öz-özünü sevdirir, insanları qəlbinə yol açır, insanlarda yeni hislər yaradır. Bundan çox şad oldum!”.
Filmin nümayişi çox böyük anşlaqla keçib. Hətta tamaşaçılar “Qanlı Yanvar”a ikinci dəfə baxmaq istəyiblər. Buna görə də dünyanın A kateqoriyasına daxil olan ən nüfuzlu festivalda çox nadir bir hadisə baş verib. Nümayiş olunan film ikinci dəfə təqdim olunacaq.
Tamaşaçıların böyük əksəriyyəti filmdə göstərilənlərin həqiqət olduğuna təəccüblərini gizlədə bilmirdilər. Elə buna görə də onlar öz təəssüratlarını filmin yaradıcısı və canlı şahidi ilə bölüşürdülər.
Tamaşaçı Gi Pelan: “Bu, çox gözəl, güclü və həmçinin ağır film idi. Bu flim mənə 90-cı illərin əvvəllərində baş verən tarixi hadisələr barədə informasiya verdi. Gözəl film idi, mənim çox xoşum gəldi”.
Tamaşaçı Mari Bimmens: “Məncə bu, fantastik idi. Film bizə xəbərlərdə gördüyümüzdən fərqli müstəvidə hadisələri göstərir. Qəhrəmanları, azadlığı əldə etmək üçün çalışanları bizə göstərir. Mən cənab Lozikə də təşəkkür etmək istərdim. O, bizim üçün bu cür filmlər gətirir və biz dünyada nələrin baş verdiyini görürük”.
“Qanlı Yanvar” Monreal Beynəlxalq Film Festivalında təqdim olunan ilk Azərbaycan filmidir.
Bu il keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə filmini nümayişə çıxaracaq. Azərbaycanı isə bu festivalda yalnız “Qanlı Yanvar” filmi təmsil edir.