» » Mirşahin işdən çıxarılan icra başçılarını sərt tənqid etdi – VİDEO

Mirşahin işdən çıxarılan icra başçılarını sərt tənqid etdi – VİDEO

Mirşahin işdən çıxarılan icra başçılarını sərt tənqid etdi – VİDEO

“Bəzi icra başçıları rüşvəti artıq sim kartla, konturla alırlar”.

Mirşahin Ağayev ANS TV-nin “Hesabat” verilişində işdən qovulan icra başçılarından danışıb.

ucarliyiq.biz həmin süjeti təqdim edir:

“Bu həftə biz iki rayonbaşının vəzifədən kənara atıldığını gördük. Dövlət başçısı onlara etdiyi etimadı geri oxudu. Hər şey bu qədər sadə. Açığı, başqa rayonlarla bu baş versəydi, adamı bu qədər yandırmazdı. Söhbət o rayonlardan gedir ki, onlar işğal altındadırlar. 

Yəni bu rayonların başçıları dövlətə başqalarından iki qat, 3 qat artıq kömək etməlidirlər ki, yağmalanmış torpaqlar geri qaytarılsın və onlar da öz yurd yuvalarına dönə bilsinlər. Amma bu rayonların birinci şəxsləri xalqa qulluq əvəzinə xalqdan qul düzəldirmişlər. Prezident isə artıq çoxdan elan edib ki, o quldar idarəçiliynə qarşıdır və belələri elə özlərinə layiq cəzalaranı alacaqlar. Var dövlətin tarixi. Və bir də var insanın fərdi tarixi. 

Akif Səlimov və Mahmud Quliyev dövlətin, Laçın və Cəbrayıl camaatının bilmirəm, amma öz fərdi tarixlərində etimadı itirmiş məmurlar kimi qalacaqlar. Çox ağır cəzadır. O insanların qohumları üçün də, havadarları üçün də, onları bu yüksək vəzifəyə təqdim edən, yəqin ki, onlara zəmanət verən səlahiyyətlilər üçün də.

Prezident təyin etdiyi icra başçıları haqqında adətən belə bir ifadə işlədir:Sizi təyin etməklə etimad göstərilir və bu etimadı doğruldun. İkinci tapşırığı isə belə olur: 

Hamınız xalqın xidmətçisi olmalısınız. Bu iki fikir prezidentin yerlərdəki nümayəndəliyinin fəaliyyət proqramı olmalıdır. Amma qəribə şəkildə, sanki prezidenti anlamayacaq dərəcədə təkrarlanan naqisliklər nəhayət ki, bayaq istinad etdiyimiz məntiqin antitezisini ortaya qoydu.

İşdən qovulan iki məmur haqqında konkret olaraq arayış verildi: onlar prezidentin etimadını doğrultmadıqlarına görə vəzifədən bayıra atılıblar. 

Maraqlıdır, niyə bu baş verir: axı prezident daha nə etməlidir ki, yerlərdə məmurlar işləsinlər?! Dövlət büdcəsindən hər bir rayonun yaşaması, inkişafı üçün vəsait ayrılır. Hətta dünya miqyaslı böhrana baxmayaraq. Azərbaycan neftdən 148 milyard dollar gəlir götürdü.

Prezident bu pullardan regionların sosial iqtisadi inkişafı proqramına külli miqdarda vəsait ayırdı. Burada bizim gördüyümüz və görmədiyimiz tərəflər də var. 

Gördüyümüz budur ki, prezident dövlət büdcəsindən bu və ya digər rayona sərmayələr buraxır, infrastruktur layihələrinə, inkişaf və yenidənqurmaya, elektrik enerjisi sferasına, qlobal istiləşmənin fəsadlarını qarşılamaq, su təchizatının çətinləşəcəyi təqdirdə böhran baş verməsin deyə böyük su hövzələrinin yaradılmasına pullar ayırır. Və özü də rayonlara gedib şəxsən yoxlayır. Abadlıq və yeniləşdirmə işlərinə şəxsən nəzarət edir.

Sözsüz ki, bizim icra strukturlarımızın rəhbərlərinin intellektual səviyələri prezidentdən fərqlidir. Çünki ən azı, prezidentin dünyagörüşü, təhsil səviyyəsi və formalaşdığı mühit başqadır. Yəqin elə ona görə də prezidenti çox vaxtyerli başçılar başa düşmürlər.

Bu səbəbdən də prezident rayonları bir-bir gəzir, başçıları şəxsən başa salır. Bunun nəticəsi olaraq bizdə bu gün nə var? O var ki, indi təkcə Bakı yox, hər bir rayon mərkəzi abadlaşıb, gözəlləşib. Bakı bulvarı kimiYevlaxın da öz bulvarı var.

Amma prezidentin əli çatmayan kəndlər, ucqar yaşayış məntəqələri də var ki, problemlər əsasən oralardadır. Burda oğurluq da olur, yeyinti də. Və bu problemlərlə yerli icra hakimiyyətləri məşğul olmalıdırlar. 

Yəni hər adamın daşımalı olduğu məsuliyyət var. Və əgər kimsə düşünürsə ki, prezident hər şeyə görə məsuliyyət daşıyır, çox böyük səhv edir.

İcra hakimiyyəti başçısına etimad göstərilib, ona bir başçı olaraq külli miqdarda vəsait etibar edilib, konkret tapşırıqlar verilib. Və sonda məlum olur ki, bu tapşırıqlar yerinə yetirilməyib. Bəs buna səbəb nədir? Hər şeydən əvvəl ola bilsin ki, bu adamların seçilərək prezidentə təqdim olunmasında hansısa problem olub.

Məsələn Mahmud Quliyevi dövlət başçısına təqdim edənlər yəqin bilirdilər ki, bu adam Cəbrayıl rayon kino quraşdırma birliyinin direktoru olub və eyni zamanda sovet dövründən zəngin revizor keçmişi var, onun direktoru olduğu tədarük kontorunun da təyinatı aydın idi.

Və ya Akif Səlimov. Bu şəxs Laçın rayonunun başçısı vəzifəsinə hansısa “Yaqub”məhdud məsuliyyətli cəmiyətinin rəhbəri vəzifəsindən gəlib. Bizim onun polis keçmişində işimiz yoxdur. 

Biz onu bu postda da görmüşük. Sonradan hansısa yollarla gəlib başçı olub və ya başçı ediblər, bu barədə də danışmaq istəmirəm. Amma axı hər halda gəlib başçı olub. Olubsa deməli, prezidentin təbirincə desək, xalqa qulluq etməli idi. Etmədi. Bunu camaat deyir, prezidentin göstərdiyi etimadsızlıq deyir.

Bu gün dövlət başçısıcəmiyyətə rüşvətxorluq yayanlara, xalqa qulluq etmək yerinə xalqı qul etmək yolu tutanlara müharibə elan edib. Bəzi icra başçıları rüşvəti artıq sim kartla, konturla alırlar… Biabırçılıqdır. 

Və biz icra hakimiyyəti deyəndə tək icra başçısını nəzərdə tutmuruq. Bir qurum olaraq onun müxtəlif departamentləri, şöbələri var, hamısı da hansısa bir iş görür. Fəaliyyətdə olan icra başçılarını yenə necəsə başa düşmək olar.

Bəs işğal altında olan rayonların icra hakimiyyəti başçıları nə ilə məşğul olur. Bu rayonlarda icra hakimiyyətləri, polis rəisləri, məhkəmə sədrləri, bütün normal icra strukturlarında olan qurumlara malikdirlər.

Hamısı da dövlət büdcəsindən maliyyələşdirilirlər. Məsələn, Laçın rayonuna 22,4 milyon manat ayrılıb. Cəbrayıl rayonuna ayrılan vəsait isə, 12,9 milyon manatdır. Siyahını davam da etirmək olar:

Ağdam- 38,5 milyon manat, Kəlbəcər 21,6 milyon manat, Qubadlı 10,9 milyon manat və s. İşğal olunmuş 10 rayona bu il üçün 161 milyon manatdan çox vəsait ayrılıb. 1993-cü ildən üzü bəri ayrılan vəsaiti üst-üstə gəlsək fantastik məbləğ alınır.

Nəzərə alaq ki, işğal altındaolan rayonların sakinləri hazırdayaşadıqları rayonlara məxsus olan dövlət qurumları tərəfindən xidmət altına alınırlar. Bəlkə prezidentin səlahiyyətli nümayəndəsi tək bir ştat vahidi yaradılsın. 

Qalan postlar ləğv edilsin. Görün, nə qədər pula qənaət etmək olar. İllah da bu gün, büdcə kəsirimizin 2 milyard manata yaxın olduğu bir zamanda. Əlbəttə, bu rayonlar bizimkidir, geri qaytarılacaq və onların infrastrukturunu formalaşdırmaq, vətəndaşlarını yaşatmaq üçün bir qurum yaratmaq lazımdır.

Mənə elə gəlir ki, prezidentin nümayəndəsi vəzifəsi insitutubütün bu problemləri həll etməyə kifayət edər. Sadəcə olaraq, bir siyasi rəhbərlik və o da respublika rəhbərliyinin ümumi siyasi kursunu həyata keçirir. Bəlkə fikirləşək… Axı bu dövlət büdcəsidir, yardım fondu deyil? Rüşvətxor isə Allahı bizim kimi anlamır. Ondan ötrü Allah sözü də al sözündən başlayır!”