» » Savelyev: Rusiya və Azərbaycan hesablaşmalarda dollardan imtina edəcək

Savelyev: Rusiya və Azərbaycan hesablaşmalarda dollardan imtina edəcək

Savelyev: Rusiya və Azərbaycan hesablaşmalarda dollardan imtina edəcək

“Bu maliyyə risklərindən yayınmaq imkanı verəcək”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Moskva İqtisadi Forumu işə başlayıb.

ucarliyiq.biz AzərTAc-a istinadən xəbər verir ki, bu il tədbirə dünyanın 16 ölkəsindən 3800 iştirakçı toplaşıb.

Forumun ilk plenar iclasında 2007-2011-ci illərdə Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı-direktoru olmuş Dominik Stross-Kan çıxış edib. D.S.Kan deyib: 

“Qərb güman edirdi ki, Rusiyaya ixrac edilən bazar mexanizmləri qısa vaxtda səmərə verəcək. Lakin zaman göstərdi ki, hər bir ölkə öz inkişaf yoluna malikdir. İqtisadi institutlar da, iqtisadi mexanizmlər də hər bir ölkədə müxtəlif cür işləyir. Bu baxımdan hər bir ölkə öz strategiyasını formalaşdırmalı və iqtisadiyyatını şaxələndirməlidir”.

Rusiya Federasiyası Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev BVF-nin keçmiş rəhbəri ilə həmrəy olduğunu bildirib. D.Savelyev deyib: 

“Həm Rusiya, həm də Azərbaycan üçün iqtisadiyyatın xammal səciyyəsindən uzaqlaşmaq çox vacibdir. Bu, onların iqtisadi təhlükəsizliklərini möhkəmləndirəcək və neftin qiymət konyukturasından asılılıqlarını zəiflədəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında qarşılıqlı ticarətdə milli valyutalardan istifadə 25-26 faiz təşkil edir və bu göstərici daim artır. İstisna deyil ki, yaxın illərdə Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda bütünlüklə dollardan imtina edəcək. Bu, hər iki ölkəyə çoxsaylı maliyyə risklərindən yayınmaq imkanı verəcək”.