» » Ölülərin alveri

Ölülərin alveri

Ölülərin alveri

Qəbiristanlıq, yoxsa ticarət mərkəzi?...

Hər gün çalışıram, həyatım maraqlı keçsin və bu səbəbdən bir gün fikirləşdim ki, gedim, görüm qəbiristanlıqda yerlər neçəyədir. Qəbiristanın "başqan"ı ilə görüşdüm (başqan deməkdə məqsədim budur ki, özünü elə aparırdı sanki "Gənclik"dən yer alıram, elə qiymətləri də ora qiymətinə dedi).

"Özümə 2-nin 1-ə yer axtarıram", - dedim. Başqan soruşdu ki, suya yaxın olsun, yoxsa quru yerdən?

- Maraqlıdır, bu sulu yerin fərqi nədir?

- Qəbrin ətrafındakı gülləri sulamaq rahat olsun və əlbəttə qəbri yumaq üçün.
Yenə başqan sual elədi.

- Qəbiristanlığın mərkəzindən istəyirsən, yoxsa kənar yerindən? Necə yer olsun? Maşın birbaşa qəbirin yanına qədər gəlsin, yoxsa qəbirdən aralıda olsun? Onda gərək piyada gedəsən.

Qəribədir, çox adam ölməkdən qorxur. Onlar deyəsən, qəbiristanlıqda yaradılan bu qədər rahatlıqdan, lüks həyatdan bixəbər idilər. Mənə daha maraqlı gələn isə kənarda dayanan, əllərində inşaat ləvazimatı olan insanlar oldu. Başqana müraciət etdim ki, bunlar kimdir?

- Qəbirlərə bəzək vuranlardır, istəsən, onu da təşkil edərik.

Və başladı bir-bir öz xidmətlərini bəh-bəhlə sadalamağa. "Mərmər, aqlay, rəngli işıqlar, dam örtüyü, bəzəkli yazılar, təbrik sözləri, rahat oturacaq, ekzotik güllər, dəmir hasar, alüminium qablar və üstəlik zövqünüzə, istəyinizə uyğun hər bir bəzək əşyaları."
Başqanla razılaşdıq, o, hər bir işi yüksək keyfiyyətdə edəcək. Ayrıldım başqanın yanından. Qəbirlər tərəfə getdim ki, orda olan bəzəklərə baxım. Hər qəbrin özünəməxsus şəkilləri vardı. Bəzilərinin şəkilinə baxanda anlayırsan ki, bu insan necə həyat yaşayıb. Əlində şərab olan, qolunda döymə, bəzilərinin üzündə çapıq izləri və s.
Qəbirlərin üstündə olan bəzəklər mənə çox qəribə gəldi. Bir şan şöhrət var idi qəbirlərin üstündə, gəl görəsən. Düşündüm, görəsən ona sağlığında da belə yaxşı baxıblarmı? Görəsən bütün bu cah-cəlalın nə xeyrı var torpaq altında yatana? Heç torpaq üstündə gəzənə də xeyri yoxdur.

Müəllif: ANAR SADILLI