» » Cavid Hüseynova 4 il hökm oxundu

Cavid Hüseynova 4 il hökm oxundu

Cavid Hüseynova 4 il hökm oxundu

Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü barədə cinayəti bilib gizlətməkdə təqsirləndirilən "Qəbələ " futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ucarliyiq.biz qafqazinfo-ya istinadən prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da çıxış edərək Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ " klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.