» » Buzovnada kürəkənini öldürən qayınata 10 il cəza aldı

Buzovnada kürəkənini öldürən qayınata 10 il cəza aldı

Buzovnada kürəkənini öldürən qayınata 10 il cəza aldı

Bağırov ona atası yaşında olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini, 1938-ci il təvəllüdlü Tofiq Bağırovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

ucarliyiq.biz xəbər verir ki, bu il aprelin 23-ü saat 15 radələrində Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, A.Musayev küçəsindəki döngə 7, ev 43-də yaşayan 1973-cü il təvəllüdlü Emin Rzayev qarının sol yarısının daxilə nüfuz edən yarası ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib, lakin həkimlərin müdaxiləsinə baxmayaraq səhərisi gün o keçinib.

Araşdırmaya başlayan Xəzər RPİ 2-ci polis bölməsi və prokurorluq əməkdaşlarına mərhumun yaxınları ilkin olaraq Emin Rzayevin özünə xəsarət yetirməsini bildirsələr də, iş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə ona xəsarətin kənar şəxs tərəfindən yetirilməsi məlum olub.

Hadisədən sonra Gəncə şəhərində yaşayan qızı Azadənin evinə gedən mərhumun qayınatası Tofiq Bağırov ayın 29-da Bakıya qayıdaraq Maştağa qəsəbəsində yerləşən Sabunçu RPİ 
14-cü polis bölməsinə təslim olub və hadisə barədə məlumat verib, oradan isə onu Xəzər RPİ 2-ci polis bölməsinə aparıblar.

İstintaqla müəyyən edilib ki, hadisə baş verən gün Emin Rzayev qayınatası Tofiq Bağırovu yaşadığı otağa salıb, ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir edib, cavab olaraq Bağırov ona atası yaşında olduğunu deyib və söyüşlərini irad tutub. Bundan əsəbiləşən Rzayev digər otaqda olan vintaçanı götürərək onun üzərinə gəlib, Tofiq kürəkəninin onu vuracağını güman edərək, masanın üstündə olan bıçağı götürüb, sonuncunun qarın nahiyəsinə bir zərbə endirib. 

Məhkəmə prosesində Tofiq Bağırov ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib. Zərərçəkən Könül Əliyeva məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə T.Bağırov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 


C.H.