» » Xızıdakı qəzada yaralananlar haqqında xəbər var

Xızıdakı qəzada yaralananlar haqqında xəbər var

Xızıdakı qəzada yaralananlar haqqında xəbər var

Səhiyyə Nazirliyi Xızı rayonunda baş verən avtobus qəzasında yaralananların son durumunu açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a verdiyi məlumata görə, mayın 29-da baş verən qəzadan sonra Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 15 nəfərdən 6-sı evə buraxılıb: "Hazırda xəstəxanada 9 nəfər var. Qəza nəticəsində ağır kəllə-beyin travması almış bir nəfər isə artıq ağır vəziyyətdən çıxıb, indi onun vəziyyəti orta-ağırdır. O əməliyyat olunub və əməliyyatdan uğurla çıxıb. Hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir".
S.Əhmədova bildirib ki, Bakıdakı 1 saylı şəhər Klinik Tibbi Mərkəzə yerləşdirilən 2005-ci il təvəllüdlü Nigar Kazımlı və anası Rəhmanova Lalə Rəhman qızı hazırda xəstəxanada müalicələrini davam etdirir: "Lalə Rəhmanovanın vəziyyəti yaxşıdır, evə yazıla bilər. Nigar Kazımlının isə vəziyyəti orta-ağır qiymətləndirilir".
Xatırladaq ki, mayın 29-da Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.