» » Xətaidə yanan bina ilə bağlı tutulan şəxs: "Təqsirim yoxdu"

Xətaidə yanan bina ilə bağlı tutulan şəxs: "Təqsirim yoxdu"

Xətaidə yanan bina ilə bağlı tutulan şəxs: "Təqsirim yoxdu"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ucarliyiq.biz lent.az-a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Mübariz Mirili ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin üçü də özlərini təqsirli bilmədiklərini deyib. Prosesdə təqsirləndirilən Fərid Sadıqov ifadə verib. Daha sonra isə onun istintaqa verdiyi ifadələr elan olunub. Təqsirləndirilən şəxsin məhkəmədə və ilkin istintaqda verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün o, dövlət ittihamçısının, məhkəmə heyətinin suallarını cavablandırıb.

"THN" tikinti şirkətinin kimi tanından F.Sadıqov məhkəmədə verdiyi ifadədə bildirib ki, yanğın baş verən binanın üzlənməsində, görülən işlərdə onun heç bir payı olmayıb, adı çəkilən şirkətin təsisçisi və ya işçisi olmayıb: "2013-cü ildə Çində olarkən sənaye sərgisində iştirak etdim. Sərgidə "poliuretan" materialları istehsal edən avadanlıqlarla maraqlandım. Bakıya qayıdanda dostlara və tanışlara bu avadanlıqların Bakıya gətirilməsi və binaların üzlənməsi üçün üzlüklərin istehsal edilməsi ilə bağlı təkliflər verdim. Çindən həmin avadanlıqları 180 min dollara alıb Bakıya gətirdim. Xırdalanda zavodun tikintisinə başlanıldı. Sonra zavoda Məmməd Vəliyev direktor təyin edildi. Mənim onlarla bir əlaqəm yox idi. Bildiyim qədəri ilə də xammalı Türkiyədən alırdılar. "TNH" şirkətinin necə təsis olunmasından, kimin rəhbərlik etməsindən xəbərim yoxdur".

Zərəçəkmiş kimi Nizami Telefon Qovşağının nümayəndəsi də prosesdə iştirak edib. O bildirib ki, yanğın zamanı qovşağa 20 min manat dəyərində maddi ziyan dəyib.

Məhkəmə prosesi iyunun 28-i davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.