» » Azərbaycanda ömürlük cəza alan gürcü killer azadlığa buraxıldı

Azərbaycanda ömürlük cəza alan gürcü killer azadlığa buraxıldı

Azərbaycanda ömürlük cəza alan gürcü killer azadlığa buraxıldı

Gürcüstan Ali Məhkəməsi ömürlük həbs cəzasına məhkum edilmiş Georgi Geladzenin işinə yenidən baxaraq onun azadlığa buraxılmasına qərar verib.

Bu barədə APA-ya hüquq müdafiəçisi Eldar Zeynalov bildirib. E. Zeynalovun sözlərinə görə, G. Geladze Azərbaycanda həbs olunub və 2011-ci ildə Gürcüstana təhvil verilib.

E. Zeynalov deyib ki, G. Geladze 1997-ci ildə Bakıda iki nəfəri qətlə yetirib. Onlardan biri taksi sürücüsü, digər isə evində yaşadığı qadın olub. Məhkəmənin qərarı ilə G. Gelazdeyə ömürlük həbs cəzası verilib. Hüquq müdafiəçisinin sözlərinə görə, məhkum narkotik istifadəçisi olub. "Georgi Geladze Azərbaycanda narkotik asılılığından müalicə olunub. O, azadlıqda qalsaydı, öləcəkdi", - deyə o bildirib.

Qeyd edək ki, G. Geladze vaxtilə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı olub. O, 1996-cı ildə Gürcüstanda 3 nəfəri xüsusi qəddarlıqla qətlə yetirib. Həmin ilin dekabrında silahı ilə Azərbaycana keçib.

E. Zeynalov bildirib ki, G. Geladze Azərbaycanda 15 il məhkumluq həyatı yaşadıqdan sonra 2011-ci ildə vətəninə verilib. Orada məhkəmə 1996-cı ildə törətdiyi cinayətlərə görə ona 30 il həbs cəzası verib, sonra cəza 15 ilə endirilib.

Bir müddətdən sonra isə Gürcüstanda amnistiya elan olunub. Qərara görə, G. Geladzenin Gürcüstanda törətdiyi cinayətlərə görə aldığı həbs cəzasının 1/4 hissəsi azaldılıb. Lakin Azərbaycanda verilən qərar qüvvədə qalıb. Sonra iş Gürcüstan Konstitusiya Məhkəməsinə göndərilib. Məhkəmə qərarın geriyə qüvvəsinin olmadığını əsas gətirərək G. Geladzenin Azərbaycanda aldığı ömürlük həbs cəzasını 15 illik həbslə əvəz edib.

Nəticədə G. Geladze aldığı cəzalardan artıq həbsdə olduğu üzə çıxıb və onun azadlığa buraxılması haqqında qərar verilib.

G. Geladze özü isə qeyd edib ki, bundan sonra fəaliyyətini hüquq müdafiəsi ilə məşğul olan QHT-lərdən birində davam etdirəcək.