» » Ziyarətə gedən yeniyetmə itkin düşdü - Foto

Ziyarətə gedən yeniyetmə itkin düşdü - Foto

Ziyarətə gedən yeniyetmə itkin düşdü - Foto

Siyəzən rayon sakini müəmmalı şəkildə itkin düşüb. Hadisə rayonun Qərəh kəndində baş verib.

İtkin düşən Natiq Etibar oğlu Şıxəliyevin qohumu Fəxriyyə Məmmədovanın Ans press-ə verdiyi məlumata görə, o, evdən ziyarətə getmək adı ilə çıxıb.

Artıq yaxınları 16 yaşlı Natiqdən 5 gündür ki, xəbər ala bilmirlər.

"O, evdən çıxarkən valideynlərinə kəndin yaxınlığında yerləşən ziyarətgaha getdiyini deyib. Natiq ev paltarında olub. Valideynləri onu axşama qədər gözləyiblər. Amma Natiq geri qayıtmayıb. Biz onu axtarmaq üçün ziyyarətgahın yerləşdiyi əraziyə getdik. Amma onu tapa bilmədik", - deyə qohumu bildirib.

Fəxriyyə Məmmədova deyib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə də müraciət ediblər: "İdarədən axtarışların davam etdiyini, amma hələ heç bir nəticənin olmadığını dedilər".

Onun qohumu Natiqin itkin düşməsi ilə bağlı bəzi ehtimallar da səsləndirib. O, bildirib ki, Natiqin qonşu kəndlərdən birindən qız istədiyi barədə söz-söhbət gəzirdi. "Bizdə olan məlumata görə, kəndin oğlanları onu bir neçə dəfə hədələyiblər. Amma kəndə nə onun istədiyi qızı, nə də ki, Natiqi tanıyan yoxdur. Artıq 5 gündür valideynlərin gözü yolda qalıb", - deyə Fəxriyyə Məmmədova bildirib.