» » AŞPA-da Türkiyəyə qarşı təxribat

AŞPA-da Türkiyəyə qarşı təxribat

AŞPA-da Türkiyəyə qarşı təxribat

Azərbaycan nümayəndə heyəti müdafiəyə qalxdı.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, AŞPA-nın bu gün səhər keçirilən plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirə başlayıb. 

AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri, norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir.

Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Sənəddə 2013-cü ildə Türkiyədə baş vermiş korrupsiya qalmaqalına toxunulur və bu məsələdə hökumətin əli olduğu iddia edilir. 

Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıblar.

Hesabatın kifayət qədər tənqidi olmasına baxmayaraq, bir neçə parlamentar sənədə daha sərt əlavələr irəli sürüb. Onlar 2004-cü ildən AŞPA-nın post-monitorinq dialoqu mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.

Bu gün səhər assambleyada keçirilmiş müzakirələrdə azərbaycanlı millət vəkilləri də söz alaraq Türkiyəni müdafiə ediblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlamasında AŞPA-nı Türkiyəyə qarşı təxribatda günahlandırıb:

“Gördüyümüz kimi, AŞPA Türkiyəyə qarşı təxribat etmək niyyətindədir. Azərbaycan nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bunun qarşısını alaq, ancaq o qədər də asan deyil”, -deyə Səməd Seyidov qeyd edib.