» » Salyanda ölən körpələrlə bağlı YENİ TƏFƏRRÜAT

Salyanda ölən körpələrlə bağlı YENİ TƏFƏRRÜAT

Salyanda ölən körpələrlə bağlı YENİ TƏFƏRRÜAT

Salyanda xəstəxanada elektrik enerjisinin kəsilməsi ucbatından yenicə doğulan üçəmlərdən ikisinin ölməsi xəbəri ictimaiyyəti silkələdi. Yaxınları körpələrin xəstəxananın elektrik enerjisi kəsilməsi nəticəsində saatlarla şüşə altında (küvez) oksigensiz qalaraq boğulub öldüyünü desələr də, Səhiyyə Nazirliyi bu iddianın əsassız olduğunu bildirib.

Nazirlikdən bildirilib ki, körpələr vaxtından əvvəl doğulduqlarından onların vəziyyəti yaxşı olmayıb və bütün yardımlara baxmayaraq, körpələrdən biri gecə 01:00-da, digəri isə 01:10-da vəfat edib, rayonda isə işıqlar 01:30-da sönüb.

Ucarliyiq.biz bildirir ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov da APA-ya deyib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.

Körpələrindən ikisini itirən ata Toğrul Fərəcov isə ANS-ə açıqlama verərək bildirib ki, uşaqlar saat 4-ə qədər sağ olublar: "Yalan sözdür! Saat 04:00 qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat oksigensiz, işıqsız qalıblar".

Qeyd edək ki, ölən körpələrin ölüm səbəblərini araşdırmaq üçün onların meyitləri Bakıya, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Bu barədə nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Yeni Müsavat"a açıqlamasında bildirib. Onun sözlərinə görə, ekspertizanın rəyindən sonra körpələrin ölümünün səbəbləri aydınlaşacaq: "Buna görə də hələ ki dəqiq səbəb demək olmur. Lakin bildiyiniz kimi, körpələr vaxtından əvvəl, 31 həftəliyində dünyaya gəliblər. Doğularkən çəkiləri çox az olub, bədən orqanlarının hamısı formalaşmayıb, tənəffüs alma imkanları olmayıb. Yəni, ağır vəziyyətdə doğulublar. Körpələrin atasının mətbuata verdiyi açıqlamadan da xəbərdaram. Mənə hadisə ilə bağlı məlumat veriləndə baş həkimin izahatını ilkin versiya kimi mətbuatda açıqlamışam. Dəqiq məlumat isə ekspertizanın rəyindən sonra məlum olacaq".

Səfayə Əhmədova qeyd etdi ki, körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb. Yekun ekspertizanın rəyi isə 2-3 həftədən sonra məlum olacaq.

Onu da əlavə edək ki, sağ qalan körpə də müayinə üçün Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna gətirilib. S.Əhmədova həmin körpənin vəziyyətinin stabil-ağır olduğunu dedi: "Yaşayıb-yaşamayacağnı deyə bilmərik. Lakin həkimlər əllərindən gələni edirlər ki, uşaq yaşasın".

Xatırladaq ki, iki gün öncə 21 yaşlı Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb. Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.