» » Səfər Əbiyevin keçmiş müavininin milyonluq cinayəti

Səfər Əbiyevin keçmiş müavininin milyonluq cinayəti

Səfər Əbiyevin keçmiş müavininin milyonluq cinayəti

Səlimov məhkəmə qarşısında.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ucarliyiq.biz xəbər verir ki, Mehman Səlimov tamah məqsədi ilə qulluq səlahiyyətlərindən istifadə edərək, 2007-ci ildə təsis etdiyi bina, yaşayış evlərinin, qurğuların tikintisi və sair işlər həyata keçirən “STŞ” MMC-nin rəhbəri olaraq Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin “Şubanu-1” hərbi şəhərciyində aparılacaq əsaslı təmir-tikinti və rekonstruksiya işləri ilə əlaqədar Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

Nazirliyin onun “Texnikabank”da olan hesabına  köçürülmüş külli miqdarda pul vəsaitinin xərclənmə təyinatını qəsdən saxtalaşdıraraq, qəbul aktlarına yalan məlumatlar daxil edib, imzalamaqla 714555 manat pulu öz xeyrinə istifadə edib.

Hərbi şəhərcikdə tikintisi aparılacaq 3 mərtəbəli yaşayış binasının və 800 nəfərlik yeməkxana binasının layihə-smeta sənədlərinin hazırlanmasına 23 min 600 manat nəzərdə tutulduğu halda, görülmüş işlərin qəbul aktlarında həmin məbləği 93 min manat göstərməklə 69 min 400 manat, habelə hərbi şəhərcikdə su anbarı, nasosxana binasının tikintisi və avadanlıqlarının quraşdırılması eskiz və işçi layihəsi sənədlərinin hazırlanmasına ümumilikdə 8 min manat vəsait nəzərdə tutulduğu və ödənildiyi halda, təqsirləndirilən şəxs həmin məbləği 40 min manat göstərməklə 32 min manat və bu kimi digər qanunsuz hərəkətləri ilə ümumilikdə 1milyon 205 min 265 manat məbləğində ona etibar edilmiş pul vəsaitlərini mənimsəmə yolu ilə talayıb.

Bundan əlavə, Mehman Səlimov MMC-nin rəhbəri qismində vergi uçotunda duran şəxs kimi görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 95 min 889 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Qeyd edək ki, M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Proses sentyabrın 18-də davam edəcək.

C.H.