» » Xəzərə kimyəvi maddənin tökülməsi ilə bağlı rəsmi açıqlama

Xəzərə kimyəvi maddənin tökülməsi ilə bağlı rəsmi açıqlama

Xəzərə kimyəvi maddənin tökülməsi ilə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə Xəzərin Mərdəkan və Buzovna istiqamətində suya zəhərli maddələrin axıdılması ilə bağlı video yayılıb. ANS-in məlumatına görə, ağ köpük şəklində suyun üzünə yayılan məhlulun insan orqanizmi üçün təhlükəli olduğu bildirilir. 



Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb. Hazırda həmin ərazidə araşdırma aparan nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərovun sözlərinə görə, Xəzərin qeyd olunan hissəsində sudan nümunələr götürülüb və dənizə zəhərli maddələrin dağılması müşahidə olunmayıb:



"Nazirlik mütəmadi olaraq Xəzər dənizi ilə bağlı monitorinqlər keçirir. Xəzər sahilində və dənizə axıdılan tullantı sularından nümunələr götürülür, təhlil olunur. Bu dəfə isə dənizə kimyəvi maddələrin axıdılması siqnalını aldıq və əlavə qruplar yaradaraq, işə başladıq. 3 qrupdan ibarət olmaqla, sözügedən ərazidən nümunələr götürdük. Nümunələr üzərində fiziki, fiziki-kimyəvi və mikrobioloji təhlillər aparmışıq. Nəticədə hər hansı bir kənar müdaxilənin şahidi olmadıq". 



Mirsalam Qəmbərov onu da əlavə etdi ki, həmin ərazidə hər hansı vizual müşahidə, dağılma, kənar müdaxilə mümkün deyil. Sektor müdirinin sözlərinə görə, dənizə metroloji şəraitdə hər hansı maddə axıbsa da, o, davamlı olmayıb. "Əgər davamlı olsaydı, hökmən götürülmüş nümunələrin tərkibində onun izi qalmalı idi. Mənim gəldiyim ehtimal ondan ibarətdir ki, bu ərazidən güclü axın dənizə tökülür. Yəni, dəniz suyundan götürülür, texnoloji məqsədlər üçün istifadə olunur və yenidən dənizə qaytarılır. Ola bilsin, burada fiziki göstəricilər olub ki, bu da dənizdə ağ köpüyün yaranmasına gətirib çıxarıb".



Ötən gün sosial şəbəkədə Xəzər dənizə kimyəvi maddələrin tökülməsi ilə bağlı video yayılmışdı. Video deyilirdi ki, Şimal DRES-dən dənizə kimyəvi məhlullar axıdılır ki, bu da insan orqanizmi üçün çox ziyandır.