» » ATƏT ermənilərin təklifi rədd etdi

ATƏT ermənilərin təklifi rədd etdi

ATƏT ermənilərin təklifi rədd etdi

Tiflisdə  keçirilən ATƏT Parlament Assambleyasının (PA) Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri  Artaşes Qeqamyanın aprel hadisələri ilə bağlı komitənin qəbul edəcəyi qətnaməyə təklif etdiyi düzəliş qəbul edilməyib.



ucarliyiq.biz-in məlumatına görə, A. Qeqamyan aprel döyüşlərində təmas xəttində Azərbaycan Silahlı Qüvvələrin daxilində İŞİD üzvləri döyüşdüyünü və və onların erməni əsgərlərinin başını kəsdiyini iddia edib.



Komitədə məruzəçi olan İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Sederfelt tərəfindən təklif qəti olaraq rədd edilib və düzəliş komitə iclasında qəbul olunmayıb. 


Bu gün həmçinin Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində  Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında qətnamə layihəsinə əlavələr və təkliflər müzakirə edilib.



Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili təklif ilə çıxış edib.



T. Mirkişili ATƏT-ə üzv bir neçə ölkədə "dondurulmuş" münaqişələrin həllinin uzadılmasına görə ciddi narahatlığını bildirib və münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və dövlət müstəqilliyə, həmçinin bu dövlətlərin demokratik inkişafına maneə olduğunu və regional əməkdaşlığa və inkişafa çətinlik törətdiyini vurğulayıb.  Səsvermə zamanı komitə iclasının çoxluq üzvü Azərbaycanın ATƏT-in PA-nın Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitəsinin iclasında qəbul edilən qətnamə üçün təklif etdiyi 4-cü maddə üzrə olan bu düzəliş qəbul edilib.



Ermənistan nümayəndəsi Azərbaycanın qətnaməyə verdiyi təklifin əleyhinə səs verib. Ermənistan nümayəndəsinin 6-cı düzəliş maddəsi üzrə “beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər çərçivəsində” təklif etdiyi düzəliş qəbul olunmayıb. Azərbaycan nümayəndəsi həmçinin Ermənistan nümayəndəsinin düzəlişi ilə bağlı çıxış edərək bu düzəlişin BMT-nin qəbul etdiyi sənədlərdə və ATƏT-in Helsinki Xartiyasına  zidd olduğunu bildirib.