» » İlham Əliyevdən Obamaya məktub

İlham Əliyevdən Obamaya məktub

İlham Əliyevdən Obamaya məktub

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət başçısı Barak Obamaya təbrik ünvanlayıb. ucarliyiq.biz-in məlumatına görə, İ.Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Obamanı və bütün xalqı öz adı və Azərbaycan xalqı adından təbrik edib. Təbrikdə deyilir: 



"Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır. Bir sıra sahələrdə ölkələrimizin sıx və qarşılıqlı faydalı əməkdaşlığı, ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.



Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin sıx əməkdaşlığı və qarşılıqlı dəstəyi tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.



Biz həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik.



Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".