» » Daşan Kiş Şəkini susuz qoydu

Daşan Kiş Şəkini susuz qoydu

Daşan Kiş Şəkini susuz qoydu

Ötən gün Şəkinin dağlıq ərazilərinə yağan yağışlar nəticəsində Kiş çayının daşması şəhərin su təchizatını iflic vəziyyətə salıb. ucarliyiq.biz-in məlumatına görə, hazırda şəhərdə içməli su yoxdur. Bu gün səhər saatlarından başlayaraq yaranan problemləri aradan qaldırmaq üçün “Azərsu” ASC-nin sədr müavini, texniki işlər üzrə direktor müavini və qurumun əməkdaşları şəhəri su ilə təmin edən drenaj sisteminin yerləşdiyi əraziyə baxış keçiriblər.



Şəhərin su təchizatının dayanmasına səbəb drenaj sistemini lil qatının örtməsidir. Hazırda lil təmizləyən maşınlar sistemin təmizlənməsi və içməli suyun verilməsinin bərpası istiqamətində işlər aparırlar.


Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov ucarliyiq.biz-ə açıqlamasında hazırda qarşıda duran əsas məqsədin şəhərlə Kiş kəndini birləşdirən körpünün və su verilişinin yenidən bərpası olduğunu deyib.



Təbii fəlakət zamanı dayandırılan elektrik enerjisinin verilişi ötən gündən bərpa edilib. Hazırda qaz və su verilişinin bərpası istiqamətində işlər aparılır.


Daşan Kiş Şəkini susuz qoydu


Rayon icra hakimiyyətindən bildiriblər ki, suyun verilişi sabaha qismən bərpa ediləcək. Hazırda yerli qurumların 8, “Azərsu”nun isə 11 maşını rayonda problemlərin aradan qaldırılması istiqamətində işlər aparır.



Bu gün Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyasının rayona gələrək dəyən ziyanı hesablamaq üçün işlər aparacağı gözlənilir. Kiş çayı rayonun 80% əhalisini içməli su ilə təmin edir.


Daşan Kiş Şəkini susuz qoydu

Ötən gün Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. Çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb. 


Daşan Kiş Şəkini susuz qoydu


Körpünün uçması nəticəsində şəhərlə əlaqə kəsildiyindən Kiş kəndinin  yuxarı hissəsində, 50 nəfər adam qalıb. Onlardan 20 nəfər çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. 



Sel nəticəsində 300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xəttləri də yararsız vəziyyət düşüb.



İlk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq.