» » Sumqayıtda pasiyent həkimi səhv diaqnoz qoymaqda ittiham edir

Sumqayıtda pasiyent həkimi səhv diaqnoz qoymaqda ittiham edir

Sumqayıtda pasiyent həkimi səhv diaqnoz qoymaqda ittiham edir

"Həkim mənə xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı". Bunu ucarliyiq.biz-ə şikayətçi Sevinc Mirzəyeva deyib.

O, Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən ona səhv diaqnoz qoyulduğunu və buna görə onun yumurtalıqlarının və uşaqlığının çıxarıldığını bildirir. Xəstənin sözlərinə görə, əməliyyat iki il öncə olsa, o, bu yaxınlarda həkim tərəfindən aldanıldığını başa düşüb.

"Bu yaxınlarda həmin klinikada burun əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra burnumda qanama var idi. Həkimə dedim ki, məndə xərcəng xəstəliyi olub, onunla bağlı ola bilərmi bu qanama? Həkim isə mənə: "Qızım, nə danışırsan, sənin bütün analizlərin mənim əlimdədir, səndə heç vaxt xərcəng olmayıb", - dedi. Daha sonra Türkiyə və İrana getdim, orada da eyni sözləri dedilər mənə", - deyə Sevinc Mirzəyeva bildirdi.

37 yaşlı qadın evli olduğunu və ana olmaq istədiyini vurğuladı. Onun sözlərinə görə, həkim onu bir ömür boyu şikəst qoyub.

"İndi gedirəm həmin xəstəxanaya baş həkim mənimlə kobud danışır. Deyirlər, biz bilirik nə etmişik. Amma halbu ki, əməliyyata salınarkən mənə orqanlarımın çıxarılacağını heç kim nə deməmişdi, nə də mən hər hansı bir sənədə qol çəkməmişəm. İndi deyirəm, heç olmasa, mənim pulumu qaytarın, gedim xarici ölkədə yenidən orqanlarımı bərpa edim. Pulumu da vermirlər".

Xanım deyir ki, klinika ona uzun müddət epikriz verməkdən boyun qaçırıb: “Ancaq 7 aydan sonra mənə epikrizi verdilər”. Ona epikrizlə birlikdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən arayış da verilib.

Sevinc Mirzəyeva məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də məktub göndərdiyini vurğuladı.
Sumqayıtda pasiyent həkimi səhv diaqnoz qoymaqda ittiham edir
Sumqayıtda sözügedən xəstəxananın baş həkimi Baxşəliyev Fikrət bizimlə kobud danışaraq, xəstənin kanallara, xəbər portallarına deyil, lazımdırsa, təhlükəsizlik idarələrinə şikayət etməsini bildirərək, telefonun dəstəyini asdı.

Qadının analıq arzusu gözündə qoyan həkim Şaban Əhmədov isə Sevincə "papilar kistoma" diaqnozunun qoyulduğunu və bunun əsasında onun əməliyyat olunduğunu bildirdi. "Qadın xəstəxanamıza gələndə pis vəziyyətdə idi. Mən 3 ginekoloqla məsləhətləşib bu əməliyyatı etmişəm. Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərcəng yaranacaqdı".

Şaban Əhmədov eyni zamanda qeyd etdi ki, əməliyyata girməzdən əvvəl hər şey haqqında xəstəyə məlumat verilib və o da buna razı olub.

Məsələni daha dəqiq araşdırmaq üçün bir neçə ginekoloqa da sənədi göstərdik və münasibət aldıq. Ginekoloqlar belə halda əməliyyatın vacib olduğunu, lakin uşaqlıq və sağ yumurtalığın saxlanılmasını deyirlər. Hətta, bir yumurtalıqla qadının hamilə qala biləcəyini də vurğuladılar. 

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, əgər qadın onlara həqiqətən müraciət edibsə, lazımı şöbə məsələni araşdıracaq və kimin haqlı, kimin haqsız olduğu üzə çıxandan sonra bununla bağlı müvafiq tədbir görüləcək.