» » Bakıda təqaüdçülər çimərliyə buraxılmırlar

Bakıda təqaüdçülər çimərliyə buraxılmırlar

Bakıda təqaüdçülər çimərliyə buraxılmırlar

Bakı çimərliklərində pullu giriş problemi aktual olaraq qalır. ucarliyiq.biz-in məlumatına görə, Səbail rayonunda yerləşən Şıx çimərliyində bir qrup şəxs təqaüdçülərin dəniz kənarına girişini məhdudlaşdırır. Bu haqda ucarliyiq.biz-ə şikayətində təqaüdçülər özləri bildiriblər. Bakı şəhər sakini V.S. deyir ki, bu günə kimi o, həyat yoldaşı və ailə dostları ilə birgə Şıxda yerləşən çimərliklərdən birinə ödənişsiz şəkildə gəlib istirahət edə bilirdi: "Biz artıq bir neçə ildir ki, bura gəlirik, heç vaxt bizə məhdudiyyət qoyulmurdu. İçəri pulsuz girirdik, lazım olanda 2 manat ödəyib oturacaqdan istifadə edirdik, bu problem deyil, amma giriş pulsuz ola-ola mən niyə əlavə pul ödəməliyəm. Həm də buna imkanım çatmır. Təqaüdüm 150 manatdır, bu pulnan özümə dəbdədəli istirahət qura bilmərəm. Biz çimərliklərin pulsuz olduğu haqqında qanunun çıxdığını, pensiyaçı olduğumuzu desək də bizə qulaq asan olmadı".

Yaşlı qadın  qeyd etdi, bu kimi halla təkcə o və yoldaşı deyil, bir çox insanlar üzləşirlər.

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Xəzər dənizi sahilində fəaliyyət göstərən bütün çimərliklərin pulsuz olduğunu bildirdi. Qurum rəsmisinin sözlərinə görə, heç bir çimərliklərin insanlardan giriş üçün pul almaq ixtiyarı yoxdur.
Bakıda təqaüdçülər çimərliyə buraxılmırlar


"Bilirsiniz ki, bu yaxınlarda Bakı şəhər çimərliklərində əhalinin pulsuz istirahəti ilə bağlı sərəncam imzalanıb. Odur ki, hamı çimərliklərə pulsuz girə bilər. Amma çimərlikdə hər hansı bir xidmətdən istifadə pulludur. Hazırda əməkdaşlarımız həmin ərazidədirlər. Onlara bu haqda məlumat verəcəyik. Araşdırma aparılacaq", - deyə İsrafil Kərimov əlavə etdi.

İyunun 9-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.

Sərəncamda Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətləri başçılarına tapşırılıb ki, ərazilərdə olan çimərliklərin yeni yay mövsümünə hazırlığının yoxlanılması əsasında, əhalinin sahilyanı zonada səmərəli istirahətinə lazımi şəraitin yaradılması üçün müvafiq tədbirlər müəyyən edib onların həyata keçirilməsini təmin etsinlər. Eyni zamanda sərəncamda qeyd edilib ki, çimərlik ərazisi və sahilyanı zonanın abadlaşdırılması, təmizliyinin qorunması, əhalinin səmərəli istirahəti üçün lazımi şərait yaradılsın.

Sərəncamda çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğu bildirilib və buna nəzarət olunması tapşırılıb.

Məsələdən aydın olur ki, Bakı merinin verdiyi əmrə bəzi sahibkarlar riayət etmir. Belə olmasaydı, onlar sakinləri dənizə pulla deyil, pulsuz buraxardılar. Odur ki, icra nümayəndələri merin verdiyi tapşırığa daha ciddi nəzarət etməli və əhalinin istirahəti üçün lazımi şəraiti yaratmalıdırlar.