» » Polis qaçqını özünü yandırmaq həddinə çatdırıb?

Polis qaçqını özünü yandırmaq həddinə çatdırıb?

Polis qaçqını özünü yandırmaq həddinə çatdırıb?

“Məqsəd onsuz da az qazanırdı”.

Sentyabrın 20-də Zəngilan qaçqını, taksi sürücüsü Məqsəd Süleymanovun özünü yandırmasına polis tərəfindən sıxışdırılması səbəb olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Turan-a mərhumun qohumu Zahid Əliyev bildirib.

Onun sözlərinə görə, M.Süleymanov gecələr Sumqayıt ərazisində sərnişin daşıyırmış. Taksıçı adambaşı 1-2 manata aparırmış. Post-patrul xidmətinin serjantı Ramil adlı şəxs ondan pul tələb edib, əvəzində işləməyi qadağan edəcəyi ilə hədələyib: 

“Lakin Məqsəd onsuz da az qazanırdı, üstəlik maşına görə kredit borcunu da ödəməliydi. İki ay öncə Ramil Məqsədi iki sutkalığa həbs edib. Polis əməkdaşı onu sıxışdırdığına görə Məqsəd maşını sataraq bazarda işləməli olub".

Lakin hazırda iş getmir və o, yenidən taksi sürməyə cəhd göstərib. Onun başqa gəlir mənbəyi yoxdur. Ancaq Ramil yenidən ona mane olmağa başlayıb. Həmin gecə onu saxlayaraq Sumqayıt 4-cü polis bölməsinə aparıb. Orada Məqsəd 51 manat cərimə edilib.

Məqsəd qayıtdığı zaman Ramil başqa taksiçilərə deyib: “O 1 manat vermək istəmirdi, indi 51 manat ödəyəcək”.

Bu, Məqsədə çox pis təsir edib və o, benzini üstünə tökərək orada özünü yandırıb. Ramil hətta onu söndürməyə belə cəhd göstərməyib”, - mərhum sürücünün qardaşı bildirib.

M.Süleymanovun iki övladı var. Zəngilan rayon rəhbərliyi ailəyə yardım göstərib, lakin qohumlar polis işçisi onu intihara sövq etdiyi üçün cəzalandırılmasını tələb edirlər.

Sumqayıt Şəhər Prokurorluğundan "Turan"-a bildilirib ki, fakt üzrə CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb.