» » "Huffington Post": "Ermənistan hələ də Rusiyanın müstəmləkəsi olaraq qalır"

"Huffington Post": "Ermənistan hələ də Rusiyanın müstəmləkəsi olaraq qalır"

"Huffington Post": "Ermənistan hələ də Rusiyanın müstəmləkəsi olaraq qalır"
"Əslində, Ermənistanın müstəqilliyinin 25-ci ildönümü sevinc üçün səbəb olmalıdır, amma ermənilərin əksəriyyəti əldən verilmiş imkanlar barədə düşünür".

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Huffington Post" nəşrində erməni müəllif Armine Saakyan yazıb.

Müəllif, Ermənistanın SSRİ-dən ayırılıb müstəqilliyini elan etməsinin 25-ci ildönümü ərəfəsində ölkənin üzləşdiyi fəlakətli vəziyyətə həsr etdiyi məqaləsində qeyd edib ki, ölkə müstəqilliyinin ildönümünü keçmiş SSRİ-nin ən kasıb ölkələrindən biri statusunda qeyd etməyə hazırlaşır.

A.Saakyan vurğulayıb ki, Ermənistanda korrupsiya halları baş alıb gedir, ölkədə zəngin və yoxsul təbəqə arasında böyük uçurum var. Onun fikrincə, Ermənistan bu gün necə "sağ qalacağını" düşünür.

İndiki Ermənistanı sovet dövründəki ilə müqayisə edən müəllif yazıb ki, əvvəllər ermənistanlı tələbələr SSRİ-nin nüfuzlu universitetlərində təhsil alırdılar, indi isə ölkənin elit ali təhsil ocaqlarına daxil olmaq üçün rüşvət verməlisən: "Eyni durum səhiyyə sahəsində də mövcuddur. Əgər əməliyyat olunmalısınızsa, rüşvət versəz yaxşıdır, əks halda uzun müddət yaşamayacaqsız".

Məqalədə eyni zamanda vurğulanıb ki, ölkənin bu vəziyyətdə olmasının səbəbi sözdə azad olub, əslində isə hələ də Rusiyanın müstəmləkəsi olaraq qalmasıdır.

A.Saakyan ölkənin 2013-ci ildə Avropa İttifaqı ilə "Assosiasiya sazişi" imzalamaqla Rusiyanın asılılığından çıxmaq üçün şansı olduğunu, amma həmin dövrdə Rusiya prezidenti Vladimir Putinin ermənistanlı həmkarı Serj Sarqsyanı danışıqlar üçün yanına çağırdığını xatırladıb: "Görüş iştirakçılarından başqa heç kim prezidentlərin nələrdən danışdıqlarını bilmir, lakin Putinin Sarqsyana ultimatum verdiyi aydın məsələdir. Çünki bu görüşdən sonra Ermənistan Avrasiya İttifaqına daxil olduğunu bəyan etdi. Ermənistanda Qərbyönümlü hökumətin olmasını ən az Putin istəyir".

Müəllif məqalənin sonunda vurğulayıb ki, onun özü də Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü sevinclə qeyd etməyəcək, çünki ölkəsi müstəqil deyil.