» » Şimal rayonlarında həkim çatışmazlığı var (VİDEO)

Şimal rayonlarında həkim çatışmazlığı var (VİDEO)

Şimal rayonlarında həkim çatışmazlığı var (VİDEO)

Şimal rayonlarında həkim çatışmazlığı problemi yaşanır. Bu problemi həll etmək üçün bəzi qabaqlayıcı tədbirlər də görülür.
ANS TV-nin məlumatına görə, Xaçmaz rayonunda 271 həkim ştatının böyük bir hissəsi boşdur.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev rayonda 75 həkim çatışmadığını deyir.
Ümumilikdə isə şimal rayonlarında 200-ə yaxın həkimə ehtiyac var. Bu rəqəm Qubada 45, Şabranda 21, Siyəzəndə 17 nəfər təşkil edir.
Bölgənin dağlıq rayonu olan Qusarda da bu problem mövcuddur. Amma burada həkim problemini həll etmək üçün qabaqlayıcı tədbirlər görülməyə başlayıb. Tibb Universitetinə bu il qəbul olunmuş yerli gənclərlə görüş keçirilməsi də məhz bu məqsəddən irəli gəlib.
“Hazırda kənd xəstəxanaları, kənd həkim məntəqələri və rayon mərkəzi xəstəxanası da daxil olmaqla 15 vakant həkim yeri var. Arzu edirik ki, bu gün Tibb Universitetində oxuyan, o cümlədən yenicə tələbə adını qazanmış gənclərin həkim diplomunu alaraq geri qayıtsınlar”, - deyə Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkim Mübariz Zeynalov bildirib.
Gələcək həkimlər də ali təhsildən sonra Qusara qayıtmaq fikrində olduqlarını bildirdilər.
Qusar şəhər 1 saylı orta məktəbin məzunu Lalə Ağadadaşova 626 bal toplayaraq Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialına daxil olduğunu dedi və söz verdi ki, peşəkar bir həkim kimi öz rayonlarına qayıdacaq.
“Bu il orta məktəbi qızıl medala bitirdim. İmtahanda 626 balla toplayaraq M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filyalına daxil oldum. Hazırda özümü çox xoşbəxt hiss edirəm. Söz verirəm ki, təhsili bitirdikdən sonra yüksək ixtisaslı kadr kimi rayona qayıdacam”, - deyə tələbə Lalə Ağadadaşova fikrini açıqlayıb.
Tələbə Nəzrin Sultalıyeva da təhsili bitirdikdən sonra rayona qayıdacağını bəyan edir.
Tələbələrə ağ xalat və xatirə hadiyyələri də təqdim edilib.