» » Gürcüstanda seçki məntəqəsində kütləvi dava baş verib

Gürcüstanda seçki məntəqəsində kütləvi dava baş verib

Gürcüstanda seçki məntəqəsində kütləvi dava baş verib

Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib. 

Ucarliyiq.biz APA-nın Gürcüstan bürosuna istinadan xəbər verir ki, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki  48 nömrəli seçki məntəqəsində "Paata Burçuladze - Xalq üçün dövlət" hərəkatı və "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.
 
Məlumata görə, "Paata Burçuladze - insanlar üçün dövlət" hərəkatının tərəfdarları olduğu bildirilən 100-dək dəyənəklərlə silahlanmış şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib.  Hücum edənlərlə "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları arasında qarşıdurma baş verib.  Əlbəyaxa davada onlarla şəxsin iştirak etdiyi bildirilir.
 
Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.
 
Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.  
 
Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.
 
Polis hazırda vəziyyəti nəzarətə götürüb.  
 
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.