» » Tahir İmanov gizlinləri açdı: "Abutalıbovu parodiya etdiyimiz üçün bizi..."

Tahir İmanov gizlinləri açdı: "Abutalıbovu parodiya etdiyimiz üçün bizi..."

Tahir İmanov gizlinləri açdı: "Abutalıbovu parodiya etdiyimiz üçün bizi..."

"Planet Parni iz Baku" teatrının rəhbəri, əməkdar artisti Tahir İmanov olke.az saytına müsahibəsində maraqlı məqamlara toxunub.

Ucarliyiq.biz saytı müsahibədən kiçik bir hissəni təqdim edir:

- Hacıbala Abutalıbovla ulduzlarınız barışmır. Deyəsən, ən çox probleminiz olan məmur odur. Çox parodiya etdiyiniz üçün sizdən inciyib?

- İlk dəfə onu parodiya edəndə üstündən 1 həftə keçmişdi ki, mənə zəng etdi. Dedi ki, səni görmək istəyirəm. Düşündüm ki, yəqin hədə-qorxu gələcək. Yanına gələndə böyük hörmət-izzətlə qarşıladı. Təşəkkür də etdi. Hətta Hacıbala Abutalıbov mənə dedi ki, çox sağ olun ki, məni reklam etdiniz. Bəlkə, də burada Heydər Əliyev faktoru var. Amma indi bilmirəm nə baş verib. Bu qadağaların bir çoxu Bakı Şəhər İcra Hakimiyyətindən gəlir. Bu qadağaları görəndə ilk növbədə qələbələr yada düşür. Azərbaycanımızı ən çətin günlərində təmsil edib bayrağımızı qaldırdığımıza görə belə edirlər? Biz artıq-əksik heç nə eləməmişik. Biz nə etmişiksə, hamısını Heydər Əliyevin xeyir-duası ilə etmişik.
Ölkə rəhbərliyi konsertimizə gələndə bizi bütün qəzetlər manşetlərə çıxarırdı. Həmin aktyorlar, həmin komandayıq. Ölməyimizi gözləyirsiniz ki, bizdən yazasınız, çəkəsiniz? Daha sonra Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın da bizə çox dəstəyi olub. Prezidentimizdən sonra ən çətin vaxtlarımızda onun ailəsindən də dəstək gəldi. Leyla xanım 25 illiyimizi qeyd etdiyimiz konsertimizə qonaq olmuşdu. Bizə çox böyük dəstək oldu. Hətta üstəlik Leyla xanımın baş redaktoru olduğu "Baku" jurnalında bizim haqqımızda böyük bir məqalə çıxdı. Həmin məqalədə bizim bu qədər uğurlarımıza rəğmən qadağa altında olduğumuz vurğulanmışdı. Mən onu görəndə çox təəccüb və sevinc hissləri keçirdim. Çox təşəkkür edirəm ona özüm və komandam adından.

- Müğənnilərin və sənət adamlarının bir çoxu sizin onları parodiya etməyinizi kəskin şəkildə qarşılayır, irad bildirir. Bunlar nədən irəli gəlir?

- Müğənnilər öz elmini və savadını artırsın, ondan sonra bu haqda danışaq. Söhbət hamısından yox, əksəriyyətdən gedir.

- Nazirlər və digər vəzifəli məmurlarla münasibətiniz, yaxınlığınız varmı? Niyə onlar bu qadağaların götürülməsinə yardımçı olmur bəs?

- İndi hansısa nazirin və məmurun adını çəksəm, düzgün olmaz. Ad çəksəm, bizə qadağa qoyan məmurlar sonra elə başa düşər ki, biz kiminsə sifarişi ilə səhnəciklər tərtib edib hazırlayırıq. Bu heç də belə deyil. Bəli, bir çoxu ilə dostluq münasibətlərim var. Onların çoxu indi də konsertlərimizə gəlir. Onların niyə bizə yardım etməməsini isə bilmirəm. Mən heç vaxt heç kimdən yardım ummamışam. Bir dəfə olmaqla nəyisə xahiş edə bilərəm, amma görsəm ki, xahişim cavabsız qaldı, ikinci dəfə ağız açmaram. Hər halda bizim vəziyyətimizi görürlər. İstəsələr yardım edərlər. Naxçıvanda bizim konsertin kinoteatrda yayımlanmasına qadağa qoyulub. Hörmətlə qarşılayıram. Niyə? Çünki, ora Muxtar Respublikadır. Öz qayda-qanunları var. Televiziyalarımızın da çoxu bizə qadağa üstünə qadağa qoyur. "Space" kanalının rəhbəri Vaqif müəllim mənə bir söz dedi və mən mat-məəttəl qaldım. O, dedi ki, sizin qurum polisləri tənqid etməklə cəmiyyətdə polislərə qarşı mənfi fikir formalaşdırır. Bunu vaxtilə cəmiyyətdəki nöqsanları tənqid edən və bunun bariz nümunəsi kimi "Yaramaz" adlı filmi çəkən biri deyir. Sən demə günahkar bizik. "Youtube"da polislərin qüsurları haqqında olan minlərlə video heçnədir. Bu mənə çox toxundu. Heç nə demədim ona, ağsaqqal kişidir. "Space" kanalı bizə borcludur. İndiyənədək pulumuzu qaytarmayıblar.

- Vurğuladığınız kimi etdiyiniz parodiyalara görə bir çox təhdid və təhqirlər olunub ünvanınıza. Ən yadda qalanları hansılar olub?

- Ədalət Şükürov onu parodiya etdiyimiz üçün zalı tərk etmişdi. Müğənni Rəqsanənin prodüseri zəng edib hədə-qorxu gəlmişdi. Milli Bankın sədri Elman Rüstəmov qrim otağına qalxıb yüksək səs tonu ilə etirazını bildirib, əsəbiləşib. Ən sonuncunu danışım sizə: Bakı Şəhər İcra Hakimiyyəti reklam bannerlərimizi şəhərin küçələrində yerləşdirməyə icazə vermədi. Səbəb kimi isə konkret bir şey demirlər. Eləcə icazə vermirlər. Bu da məlum məsələdir ki, Hacıbala Abutalıbovu parodiya etdiyimiz üçündür.