» » Davudoğlu: Türkiyədə 66 min qaçqın uşaq doğulub

Davudoğlu: Türkiyədə 66 min qaçqın uşaq doğulub

Davudoğlu: Türkiyədə 66 min qaçqın uşaq doğulub

“Türkiyə Suriyadan 2 milyondan çox qaçqın qəbul edib”.

Suriya və İraqdan olan 2,2 milyon qaçqının qəbul edilməsinə Türkiyə təxminən səkkiz milyard dollar xərcləyib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edərkən bəyan edib.

“Türkiyə Suriyadan 2 milyondan çox, İraqdan isə 200 min qaçqın qəbul edən ölkədir. Heç bir ölkədə bu qədər qaçqın sığınacaq tapmayıb. Bu, bizə 8 milyard ABŞ dollarına başa gəlib, beynəlxalq qurumlar isə indiyədək cəmi 417 milyon dollar ayırıb”, - o deyib.

Onun sözlərinə görə, münaqişə müddətində Türkiyədə 66 min suriyalı körpə doğulub. Suriyadan olan 230 min uşaq türk məktəblərinə gedir, daha 360 mini isə onlara qoşulacaq. Türkiyə sahil xidməti dənizdə 55 min mühaciri xilas edib, Aralıq və Egey dənizində altı minə yaxın mühacir bataraq həlak olub. 235 min mühacir qanunsuz Aİ ölkələrinə keçməyə cəhd edərkən Türkiyə sərhədçiləri tərəfindən saxlanılıb.    

Türkiyəli siyasətçi hesab edir ki, qaçqınların təhlükəsizlik probleminin həlli Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ola bilər.

“Təhlükəsizlik zonası qaçqınları “İŞİD” rejiminin və digər qruplaşmaların atəşlərindən qoruya bilər”, - baş nazir bildirib.

Davudoğlu Suriya prezidenti Bəşər Əsədi xalqına qarşı zorakılıqda ittiham edib və ölkədə pozitiv dəyişikliklərə gətirib çıxara biləcək hakimiyyət dəyişməsinə çağırıb.