» » Azərbaycan gələn il üçün müdafiə xərclərini artırdı

Azərbaycan gələn il üçün müdafiə xərclərini artırdı

Azərbaycan gələn il üçün müdafiə xərclərini artırdı

Azərbaycanın “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib. 

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud 1,027 mlrd. manat artırılaraq 1,615 mlrd. manatdan 2,642 mlrd. manata çatdırılıb. 

Bu vəsaitin 1 mlrd. 269,9 mln. manatı müdafiə qüvvələri, 111,9 mln. manatı milli təhlükəsizlik, 2,6 mln. manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 mlrd. 257,6 mln. manatı isə digər kateqoriyalara aid edilməyən sahələrin payına düşüb.

“Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 16,7%-i həcmində və ya 2,8 mlrd. manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 77 mln. manat və ya 2,9% çoxdur”, - deyə layihənin təqdimatında qeyd olunub. 

Xatırladaq ki, 2016-cı ilin təsdiqlənmiş büdcəsində müdafiə xərclərinin proqnozu 1 mlrd. 838 mln. manatdır. Bu vəsaitin 1,723 mlrd. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşüb.

Daha sonra “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilib və Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırıb. Buna səbəb müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması olub.