» » Ukraynada itkin düşən azərbaycanlıların Rusiyada meyitləri tapıldı

Ukraynada itkin düşən azərbaycanlıların Rusiyada meyitləri tapıldı

Ukraynada itkin düşən azərbaycanlıların Rusiyada meyitləri tapıldı

Meyitlərin Azərbaycana gətirilməsində problem yaranıb.

Ukraynanın Luqansk vilayətində 2014-cü il iyulun 30-da itkin düşən azərbaycanlı iş adamları İkram Ədilov və Cahangir Əliyevin öldürüldüyü məlum olub. 

ucarliyiq.biz xəbər verir ki, İ. Əbilovun qardaşı Ramiz Əbilov APA-ya bildirib ki, Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamlarını öldürdüklərini etiraf edib.
 
Saxlanılan Ukrayna vətəndaşı Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı iş adamlarının necə öldürdüklərini də açıqlayıblar.

Qatillər bildiriblər ki, Rusiyadan biznes səfərindən qayıdan azərbaycanlı iş adamlarının üzərində xeyli pul olması barədə məlumat alıblar. Onların qarşılarını kəsərək öldürüb, meyitlərini isə çaya atıblar. Üç gün sonra - avqustun 2-də azərbaycanlı iş adamlarının meyitləri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski rayonu ərazisində çayda tapılıb.
 
Meyitlər milis tərəfindən aktlaşdırılma aparılaraq torpağa basdırılıb.
 
Saxlanılan şəxslərin daxil olduğu dəstənin Vlad adlı rəhbəri isə hazırda axtarışdadır.
 
Azərbaycanlı iş adamlarının öldürüldüyü və Rostov vilayətində basdırıldığı barədə bu yaxınlarda məlumat aldıqlarını deyən R. Əbilov bildirib ki, onların meyitlərinin çıxarılaraq Azərbaycana gətirilməsində problem yaranıb: 

“Son cavab olaraq bizə bildirirlər ki, yaxınlarımızın meyitlərinin bizə verilməsi azı bir ay çəkəcək. Amma bu da dəqiq deyil”.
 
Qeyd edək ki, hər iki iş adamı 2014-cü il iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib, həmin ərazi bombardmana düşdükdən sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan, 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.
 
Azərbaycanın Ukraynadakı səfirliyi ötən ayın sonunda onlarla bağlı BQXK və Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib.