» » İranda Məhərrəmlik makiyajı dəbi

İranda Məhərrəmlik makiyajı dəbi

İranda Məhərrəmlik makiyajı dəbi

“Qırmızıya boyanmış dodaqlar, sarışın saçlar, qısa şallar”.

İran İslam Respublikasında müqəddəs Məhərrəmlik ayını xüsusi qeyd etmək istəyirsənsə, yaxşı olar bunu çox açıb-ağartmayasan. Belə ki, bərbərxanalara bir xəbərdarlıq olunub. Məsələn, saçlara “Ya Hüseyn” sözünü həkk eləmək olmaz. Xəbərdarlığa saç düzümü salonlarının “xüsusi Məhərrəmlik” dəblərinin reklamına başlaması səbəb olub.

İmam Hüseynin adı yazılmış qısaqol köynəklər, digər geyimlər də arzuolunan deyil.

ucarliyiq.biz Azadlıq.org-a istinadən xəbər verir ki, bu xəbərdarlığı ölkənin bərbərxanalar və gözəllik salonları assosiasiyalarının rəhbərləri edib. Belə ki, oktyabrın 15-də Məhərrəm ayının başlaması ilə mühafizəkar media Məhərrəmlik dəbinin də geniş vüsət almasından yazıb.

İran bərbərlər birliyinin rəhbəri Mostafa Govahi özəlliklə bir xəbərdarlıq edib ki, İmam Hüseynin adını saça həkk etmək olmaz. İmam Hüseyn 680-ci ildə Kərbəlada qətlə yetirilib. O vaxtdan müsəlmanlar Məhərrəm ayında onun yasını saxlayır.

“Xüsusi Məhərrəm makiyajı, saç düzümü dinə təhqirdir”, - İran mediası Govahi-yə istinadla yazır. “Bunun qarşısını alacağıq”.

Govahi-nin sözlərincə, qaşların dəblə alınması, tatu, dodaq boyasından istifadə də bərbərxanaların bağlanmasına gətirib çıxara bilər.

İranın saç salonları assosiasiyasının rəhbərindən də xəbərdarlıq gəlib. Afsarolmoluk Sayan deyib ki, “xüsusi Məhərrəm makiyajı” və uyğun reklamlar qadağan olunur və bu cür xidmətlər təklif edən salonlar cəzalandırılacaq.

A.Sayan hansı makiyajdan söhbət getdiyini açıqlamasa da, mühafizəkar veb-saytlar “Məhərrəmlikdə gənclərin qəribə görkəmindən”ndən yazırlar.

“Qırmızıya boyanmış dodaqlar, sarışın saçlar, qısa şallar, üstündə “Ya Hüseyn” yazılmış dar şalvarlar (lasina) bu il Məhərrəm gecələrində çox gözə dəyir”, - shafaf.ir oktyabrın 18-də yazıb.

“Bərbərxanaların İmam Hüseyn matəminə görə bağlandığı dövrlər artıq keçmişdə qalıb”, - yazıda deyilir.

Mina adlı 30 yaşlı bərbər sayta söyləyib ki, son beş ildə Məhərrəmlik dəbi Tehranda çox populyarlaşıb:

“Gənc qızlar xüsusi axşam makiyajı istəyirlər, saçlarının rəngini açırlar ki, gecə özəlliklə dəbli görünsünlər”.

Rəssam Sima isə deyir ki, gənclər paltarlarının üstünə İmam Hüseynin adını həkk etdirirlər, imamın adını mantolarının, köynəklərinin, şallarının üstünə yazdırırlar.

Bir salonun menecerinin sözlərinə görə, onlar müştəridən Məhərrəmlik makiyajını niyə istəməsini soruşa bilməzlər, həm də bu fəaliyyət qadağan da olunmayıb.

ion.ir saytı yazır ki, Məhərrəmlik məclisinə gedənlər elə geyinirlər, sanki toya gedirlər.

“Son illər Məhərrəmlik gecə karnavalları keçirməyə bir bəhanə olub”, - sayt vurğulayır.

Golnaz Esfandiari yazır ki, İslam Respublikası qurulandan hakimiyyət vətəndaşların həyatını, görünüşlərini nəzarətdə saxlamağa çalışır

Ancaq qadınlar getdikcə saçlarını daha çox açıqda qoyur, daha dar və qısa mantolar geyinirlər.