» » BMT: İlin əvvəlindən Avropaya 750 min miqrant gəlib

BMT: İlin əvvəlindən Avropaya 750 min miqrant gəlib

BMT: İlin əvvəlindən Avropaya 750 min miqrant gəlib

“İnsanlar indiyə qədər böyük maneələrlə qarşılaşırlar”.

İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrant və qaçqınların sayı 750 minə çatıb.

ucarliyiq.biz tass.ru-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların işləri üzrə ali komissarı Antoniu Qutyerreş Ümumdünya Təşkilatının Baş Assambleyasında çıxış edərkən bəyan edib.

“Yanvardan etibarən Avropa sahillərinə 750 min nəfər gəlib. Onlardan 3 500 nəfəri həyatını itirib. Hava şəraitinin pisləşməsinə görə qurbanların sayı kəskin surətdə artmaqdadır”, - A.Qutyerreş bildirib.

Onun sözlərinə görə, gün ərzində tək Yunanıstan sahillərindəki adalara 6-8 min insan pənah gətirir.

“Aİ bu böhranın öhdəsindən gəlmək iqtidarındadır, amma bunun baş verməsi üçün vahid və hər şeyi əhatə edən regional yanaşma lazımdır”, - Qutyerreş deyib.

O, Aİ ölkələri tərəfindən 160 min insanı öz ərazisində yerləşdirmək barədə qərarı “düzgün istiqamətdə atılmış addım” adlandırıb, amma bu addımın çox ləng atıldığından gileylənib.

BMT-nin ali komissarının sözlərinə görə, Avropa ölkələri axtarış-xilasetmə əməliyyatlarının səmərəliliyini artırmaq üçün əlavə səy göstərməlidirlər.

“Yalnız keçən həftə Yunanıstan sahillərində 13 gəmi qəzaya uğrayıb, bu gəmilərdə 150 nəfər, o cümlədən də uşaqlar itkin düşüb”, - Qutyerreş qeyd edib.

BMT nümayəndəsi “qloballaşmanın assimetrikliyini” vurğulayaraq, ölkələrin hakimiyyətlərini insanların köçməsinə mane olmamağa çağırıb.

“Pullar azad köçürülür, bəziləri hesab edir ki, hətta həddən artıq azad köçürülür. Mal dövriyyəsi və xidmətlərin göstərilməsində bəzi çətinliklərin mövcud olmasına baxmayaraq, qlobal ticarət inkişaf edir. İnsanlar indiyə qədər böyük maneələrlə qarşılaşırlar”, - Qutyerreş qeyd edib.

Onun sözlərinə görə, nəticədə yüz minlərlə adam çıxılmaz vəziyyətə düşür və öz həyatlarını prinsipləri olmayan qaçaqmalçılara həvalə edirlər, bu, insan həyatına və ləyaqətinə dəyər verməyən qaçaqmalçılar isə milyardlar qazanırlar.

BMT-nin ali komissarı iclas iştirakçılarının diqqətini dünyada məcburi qaçqınların sayının İkinci dünya müharibəsindən sonra rekord həddə çatmasına yönəldib.

Onun sözlərinə görə, hazırda münaqişələr nəticəsində 60 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb.

“Son beş ildə evini tərk edən insanların sayı təxminən dörd dəfə artıb. 2010-cu ildə orta hesabla hər gün 11 min nəfər evlərini tərk edirdi, hazırda isə bu rəqəm 42 mini ötüb”, - BMT-nin ali komissarı bildirib.