» » Rusiyada “Lotu Quli”nin adamlarını tutdular

Rusiyada “Lotu Quli”nin adamlarını tutdular

Rusiyada “Lotu Quli”nin adamlarını tutdular

Əməliyyat-axtarış tədbirləri aparılır.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Cinayət axtarışı idarəsinin əməkdaşları Rusiyada adam oğurluğu və qarətçilik ilə məşğul olan qrupun üç üzvünü saxlayıblar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS Rusiya DİN-in rəsmi nümayəndəsi Yelena Alekseyevaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tutulan şəxslər hazırda Azərbaycanda cəza çəkən “qanuni oğru” “Lotu Quli”nin nəzarətində olan qrupun üzvləridir.

Müəyyən edilib ki, onlar bu ilin sentyabrında Moskvada avtomobil alıcısı kimi iş adamı ilə görüşərək, onu silahla hədələyib, “Ford Explorer” maşınını əlindən alıblar. Sonra isə iş adamını Podolska apararaq ondan sərbəst buraxılması müqabilində 400 min rubl (6200 dollar) tələb ediblər. Pulu aldıqdan sonra isə iş adamını sərbəst buraxıblar. 

“Operativ tədbirlər nəticəsində üç ünvan üzrə şübhəli şəxslər saxlanılıb, onların ikisi Azərbaycan, biri Gürcüstan əsillidir. Hal-hazırda onların göz altına alınması məsələsi həll edilir”, - Alekseyeva bildirib.

O, qeyd edib ki, saxlanılan şəxslər Rusiyanın müxtəlif regionlarında avtosalon dayanacaqlarında silsilə yanğınlar törətməkdə də günahlandırılırlar. Təqsirləndirilən şəxslər avtosalon sahiblərinin onların haqq vermək tələbinə əməl etməmələrinə görə bu addımı atıblar.

Bundan başqa, Alekseyeva qrupun iki üzvünün bu ilin mayında 10 milyon dollar haqq almaq məqsədilə bir nəfərin oğurlanmasında əli olduğu barədə informasiyanın yoxlanıldığını bildirib.

Hazırda mütəşəkkil qrupun digər üzvlərinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.