» » Ermənistan səfiri: Bütün bu əhvalatın arxasında türklər və azərbaycanlılar durur

Ermənistan səfiri: Bütün bu əhvalatın arxasında türklər və azərbaycanlılar durur

Ermənistan səfiri: Bütün bu əhvalatın arxasında türklər və azərbaycanlılar durur

Manukyan cinayətinin nədən ibarət olduğunu anlamır.

Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan Kiyevin mərkəzindəki iqamətgahını tərk edir. Səbəb isə Miçurin 31 ünvanında yerləşən bu möhtəşəm iqamətgah ətrafında yaranan rüşvət qalmaqalıdır, ucarliyiq.biz EADaily-ə istinadən xəbər verir.

“Mən artıq əşyalarımı toplamışam, bayraq endirilib, mən iqamətgahı tərk edirəm. Əgər hər hansı bir şübhə mövcuddursa qoy gəlib yoxlasınlar”, - səfir bəyan edib.

Ukraynanın “СorruptUA” nəşri malikanənin Meşə Resursları üzrə Dövlət Agentliyinin sabiq rəhbəri, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin tərəfdaşı Viktor Sivetsin arvadı - Marina Juravlyovanın adına qeydiyyatdan keçirildiyini üzə çıxarıb.

Hal-hazırda Sivets marketinq xidmətləri sxemi üzrə cinayət işinin fiqurantıdır.

“Öz malikanəsini Ermənistan səfirinə təhvil verməklə indiyə qədər hüquq-mühafizə orqanı əməkdaşlarının diqqət mərkəzində olan Sivets, malikanəni axtarışdan qorumuş olub. Cinayət işi ofşor şirkətlər ilə bağlanan milyonlarla dəyəri olan sazişlərlə bağlıdır”, - nəşr qeyd edir.

Məqalənin müəllifi hüquq reyesterində malikanənin icarəyə verilməsi barədə məlumatın olmamasını göstərib. Ermənistan səfirliyi malikanənin icarəyə verilməsi tarixinə dair sorğuya cavab verməyib. Ekspertlərin dəyərləndirməsinə görə, malikanənin orta hesabla 2,5 milyon dollar qiyməti var.

“Sivetsin bütün mülkiyyəti arvadının adına qeydiyyatdan keçirilib. “Maydan”dan sonra Moskvada məskunlaşan Viktor Sivetsin biznesinin əsas hissəsi hələ də Ukraynadadır. Bu işlərlə əsasən Juravlyova məşğul olur, o, mütəmadi olaraq Ukraynaya gəlir və hal-hazırda Ermənistan səfirinin Kiyevdəki iqamətgahı olan evdə qalır”, - nəşr qeyd edir və xatırladır ki, Vyana konvensiyasına əsasən, səfirliyin ərazisi və səfirin iqamətgahı toxunulmazdır.

Ukrayna nəşri tərəfindən bu məlumatlar üzə çıxarıldıqdan sonra Ermənistan səfiri Andranik Manukyan bəyan edib ki, o, evi 2013-cü ilin sentyabrında – Ukrayna inqilabına qədər icarəyə götürüb.

Bundan başqa, “Svoboda” radiostansiyası ilə söhbətdə səfir Viktor Sivets ilə tanış olmadığını bildirib.

“Evi icarəyə götürərkən, kimin üçün isə diplomatik immuniteti təmin edəcəyim heç ağlımdan keçməyib”, - deyən səfir, bu dəbdəbəli malikanənin icarə haqqını şəxsi vəsaitindən ödədiyini də əlavə edib.

Bundan başqa, səfir həmçinin bütün bu əhvalatın arxasında türklər və azərbaycanlıların durmasından əmin olduğunu bildirib.

“Hər şey mənim adımı ləkələmək üçündür. Başa düşmürəm, evi icarəyə götürməklə mən nə cinayət törətmişəm?”, - diplomat deyib.