» » Xan məzarı başında anıldı (VİDEO)

Xan məzarı başında anıldı (VİDEO)

Xan məzarı başında anıldı (VİDEO)

Ötən gün Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin doğum günü olub. 114 il əvvəl dünyaya göz açan xanəndənin yaxınları məzarı başında yad ediblər.
ANS TV-nin məlumatına görə, Azərbaycan musiqisinin Xanı 1901-ci ildə Şuşada dünyaya göz açıb. Onun doğulmasının 114-cü ili övladları və qohumları tərəfindən ikinci Fəxri Xiyabanda yad edildi.
“Bir övlad tək atamdan doymadım. Onun haqqında nə qədər danışsam belə bu azdı. Bu gün onun tək atalar çox azdır. Ailəcanlı, uşaqları isə çox sevərdi. O, hər tərəfli bir insan idi. Sözün əsil mənasında əsl şəxsiyyət idi”, - deyə Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva bildirib.
Onu yaxşı tanıyanlardan biri də Azərbaycanın xalq artisti tarzən Fikrət Verdiyevdir. Sənətkar deyir ki, Xan əmi indi yaşasaydı muğamata görə keçirdiyi narahatlıqdan arxayın olardı. O vaxt muğamın sıxışdırıldığı bir dövrdə Xan Şuşinski sənəti qorumaq üçün canını belə təhlükəyə atmağa hazır idi.
Xalq artisti Fikrət Verdiyev deyir ki, əgər Xan əmi bu gün dövlət tərəfində muğama göstərilən qayğı dövründə yaşasaydı Xan əmi uca zirvələrə ucalardı, onsuz da Xan əmi zirvədədir.
Xan Şuşinski tarixdə bənzərinə nadir rast gəlinən səs sahibi idi. Onun möcüzə deyiləcək qədər güclü səsi dinləyən hər kəsi sehrinə qərq edirdi.
O, öz adını belə səsilə qazanmışdı.
Əsl adı İsfəndiyar Cavanşirov olan sənətkar hələ 12 yaşı olanda məclislərin birində oxuduğu “Kürd Şahnazı”na görə müəllimi İslam Abdullayev Xan Şuşinski adını verir.
Xalq Şuşinski xalq mahnılarının, muğamların mahir ifaçısı olmaqla yanaşı həm də bəstəkar idi. İndi çoxlarımızın sevə-sevə dinlədiyi, hətta bəzilərinin xalq mahnısı zənn etdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Dağlarda çiçək”, ”Gözəl yarım” və s. təsniflər məhz onun bəstələridir.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.
Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Mənbə: Ans</span