» » ABŞ-ın İstanbuldakı konsulluğu işini dayandırır

ABŞ-ın İstanbuldakı konsulluğu işini dayandırır

ABŞ-ın İstanbuldakı konsulluğu işini dayandırır

“İnsanların təhlükələrə qarşı diqqətli olmalarını istəyirik”.

ABŞ-ın İstanbuldakı Konsulluğu çərşənbə günü təhlükəsizliklə əlaqədar işini dayandıracaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat yayılıb.

“Mümkün təhlükə barədə məlumata görə, ABŞ-ın İstanbuldakı səfirliyi 2015-ci ilin 9 dekabr tarixində məhdud rejimdə çalışacaq”, - elanda deyilir.

Həmçinin qeyd edilir ki, bu gün üçün planlaşdırılmış xidmətlər başqa tarixə təyin ediləcək.

Konsulluq ABŞ vətəndaşlarını “yüksək səviyyəli sayıqlıq göstərmək, yerli hadisələri təqib etmək və öz təhlükəsizliyinin səviyyəsini möhkəmləndirmək üçün tədbirlər görməyə çağırıb”.

Qeyd edilir ki, Ankarada səfirlik, Adanada konsulluq və İzmirdəki nümayəndəlik adi rejimdə çalışacaq.

Təhlükə xarakteri dəqiqləşdirilmir.

Dövlət departamenti də konsulluğun işinin məhdudlaşdırılması barədə məlumatı şərh edib.

“Bütün konsulluq fəaliyyəti deyil, adi (konsulluq) xidmətləri dayandırılacaq. 

Məsələn, müraciətlərin qəbulu, müsahibələr dayandırılacaq, amma zəruri konsulluq fəaliyyəti həyata keçiriləcək”, - Dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinqdə bildirib.

O təsdiq edib ki, ABŞ öz vətəndaşlarına konsulluğun yerləşdiyi rayonda təhlükə barədə xəbərdarlıq edib, amma məhz hansı təhlükədən söhbət getdiyini dəqiqləşdirməyib.

“İnsanların İstanbulda konsulluq ətrafında olan təhlükələrə qarşı diqqətli olmalarını istəyirik və biz onlara təhlükəsizlik baxımından bu ərazidən kənar durmaq barədə xəbərdarlıq etmişik”, - Kirbi bildirib.