» » Xəzərdə boğulan neftçilərin ailələrini ədalətsizlik boğur

Xəzərdə boğulan neftçilərin ailələrini ədalətsizlik boğur

Xəzərdə boğulan neftçilərin ailələrini ədalətsizlik boğur

Baş nazir Artur Rasizadənin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin ailələrinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi barədə sərəncamı güclü külək nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə, estakadanın üstündəki yaşayış köşkü ilə birlikdə dənizə düşən 3 neftçiyə aid edilməyib.
Ucarliyiq.biz xəbər verir ki, bu, həmin neftçilərin ailələri tərəfindən heç də birmənalı qarşılanmır.
Güclü külək nəticəsində yaşayış köşkünün içərisində dənizə düşüb hələ də itkin sayılan səyyar aqreqatın motorçusu 1974-cü il təvəllüdlü Rövşən Məmmədovun həyat yoldaşı Aynur Məmmədova açıqlamasında bildirib ki, onların əsas istəyi Rövşənin sağ salamat evə qayıtmasıdır. Ancaq yaşayış köşkü ilə birgə dənizə düşən 3 nəfərin digər neftçilərdən seçilməsi heç də anlaşılan deyil. "Biz onların digər neftçilərdən seçilməsini istəmirik. Qəza ilə bağlı yaradılan gərargahdan bizə gah həmin 15 min manatın ödənəcəyini, gah da nazirin sərəncamının həmin neftçilərə aid edilmədiyi üçün ödənməyəcəyini deyirlər. Bu barədə dəqiq məlumat verən yoxdur".
Xəzərdə boğulan neftçilərin ailələrini ədalətsizlik boğur

Rövşən Məmmədov- Yaşayış köşkü ilə birlikdə dənizə düşən neftçi
Sözü gedən həmin 3 neftçiyə 15 min manatlıq bir dəfəlik yardımın ayrılmaması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdi ki, bu onların səlahiyyətinə aid deyil.
Nazirlər Kabinetindən isə bildirdilər ki, qurum bu barədə heç bir məlumat verə bilməz və nazirin sərəncamının artıq qüvvəyə minməsindən məsələ qapalı hesab olunur.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə mövzu ilə bağlı açıqlamasında bu hadisələrin ayrı-ayrı hadisələr kimi təqdim edildiyini, buna görə də həmin 3 neftçinin yardımdan kənarda qaldığını bildirdi: "Bu hadisə istehsalatda bədbəxt hadisədir. Həmin şəxslər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri ilə əlaqədar icbari sığorta olunublar. Buna görə də onların ailəsinə sığorta pulu ödənəcək." Amma Sahib Məmmədov hesab edir ki, 15 min manat həmin 3 neftçiyə də aid edilməli idi. Çünki hadisə demək olar ki, eyni vaxtda baş verib. "Düzdür qanuni baxımdan burada hüquq pozuntusu yoxdur. Ancaq humanizm nöqteyi nəzərdən sərəncam bu şəxslərə də şamil edilməli idi".
Sahib Məmmədov hadisədən çıxış yolu kimi, nazirlər kabinetinin yenidən bir qərar verməli və yardımın həmin şəxslərə də aid edilməsini göstərdi.
Xəzərdə boğulan neftçilərin ailələrini ədalətsizlik boğur

Dekabr ayının 4-də Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. ARDNŞ-dən verilən məlumata görə, saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.
Güclü tufan nəticəsində dalğalar estakada üstündəki yaşayış budkasını uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub. Hazırda onların axtarışları da davam etdirilir.
İtkin düşən neftçi Rövşən Məmmədovun 3 övladı var. Onlardan biri- 8-ci sinif şagirdi Aytac Məmmədova, 4-cü sinif şagirdi Aydan Məmmədova və 6 yaşlı Rəşad Məmmədovdur.
Xəzərdə boğulan neftçilərin ailələrini ədalətsizlik boğur

İtkin düşən neftçi Rövşən Məmmədov övladları ilə birgə