» » » Külək cənub bölgəsini dağıtdı (VİDEO)

Külək cənub bölgəsini dağıtdı (VİDEO)

Külək cənub bölgəsini dağıtdı (VİDEO)

Cənub bölgəsində bu gün səhər saatlarından əsməyə başlayan güclü külək bir sıra fəsadlara yol açıb.
ANS TV-nin məlumatına görə, külək Astara, Lənkəran, Lerik rayonlarında çox hiss olunduğundan ən çox ziyan da bu rayonlara dəyib.
Ələt-Astara magistral yolunda külək hündür, iri gövdəli ağacları kökündən qoparıb. Aşan ağaclar əlaqədar qurumlar tərəfindən yoldan yığışdırılıb.
Güclü külək bu gün Lənkəranda bir sıra fəsadlar yaradıb. Şəhərin Səttərxan küçəsindəki beş mərtəbəli, iki bloklu yaşayış binasının dam örtüyü uçub.
Şəhidlər Xiyabanı küçəsində yerləşən dördmərtəbəli yaşayış binasının dam örtüyü isə tamamilə qoparaq yerə düşüb.
Lənkəran Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, binaya axşam saatlarına kimi elektrik enerjisinin, təbii qazın verilişi bərpa olunacaq və uçan damın təmiri həyata keçiriləcək.
Güclü külək Astara, Lənkəran və Lerik rayonlarında yüksək gərginlikli elektrik xətlərinin qırılmasına, elektrik və telefon dirəklərinin aşmasına səbəb olub.
Nəticədə hər üç rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisi verilişində fasilələr yaranıb. Ucqar yaşayış məntəqələri istisna olmaqla hazırda rayonlarda enerji verilişi bərpa olunub.