» » » Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Yanvarın 12-dən aksizli malların nağd satışına icazə verilməsi spirtli içkilərin satış bazarını canlandırıb.
Ucarliyiq.biz xəbər verir ki, qadağa aradan götürüləndən sonra mağazalarda spirtli içkilər yenidən piştaxtalara yerləşdirilib və vətəndaşlar da hazırda bu məhsullardan sərbəst şəkildə ala bilirlər. Hazırki vəziyyətdən isə həm alıcılar həm də satıcılar razı görünür.
Satıcıların razı qalmasına səbəb, artıq onların bu sahədən daha çox qazanc əldə etmələri ilə əlaqədardır. Bunu satıcılar özləri də etiraf edirlər.
Bəsti adlı satıcı xanım deyir ki, yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa onların araq satışı bazarına köklü surətdə mənfi təsir göstərib: "Qadağa qüvvədə olduğu 12 gün ərzində demək olar ki, hər gün 2-3 spitrli içki sata bilirdik. Çünki əhalinin çox hissəsi hələlik nağdsız ödənişlərə öyrəşə bilməyib. Həm də vətəndaşların çoxunun kartının olmaması, bizim bazarımızı demək olar ki, tamamən zəiflətmişdi. Hazırda isə alıcılar istədikləri zaman nağd ödəniş edərək içki ala bilirlər. Qadağa qüvvədə olan 12 gün ərzində satdığımız içkini demək olar ki, hazırda 1-2 gün ərzində satırıq".
Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Mağazaların spirtli içki yerləşdirilən vitrinləri
Şəhərdə müşahidə apardığımız müddətdə əksər mağazalarda alıcıların sərbəst şəkildə içki əldə edə bildiklərinin şahidi olmaq mümkün idi. Bu prosesdən alıcılar da razı görünürdü.
Şəhər sakini Tural Cabbarov deyir ki, qadağa qüvvədə olan müddətdə spirtli içki ala bilməyib: "Arabir dostlarla görüşəndə, yaxud evə qonaq gələndə insan, süfrənin üzərinə istər-istəməz araq qoymaq istəyir. Bu sanki bizdə bir mentalitet şəklində formalaşıb. Ancaq həmin günlər ərzində nağdsız ödəniş kartım olmadığı üçün içki ala bilmirdim. Düzdür başa düşürəm ki, içməsək də olar. Ancaq hazırda mən və mənim kimi düşünən vətəndaşlar üçün daha rahatdır. İstəməyən onsuzda nağdsız oldu-olmadı almır. Ancaq nağd satışın bərpa edilməsi şəxsən mənim ürəyimcədir".
Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Mağazaların spirtli içki yerləşdirilən vitrinləri
Qeyd edək ki, 201-cı ilin yanvar ayının 1-dən Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa qüvvəyə minib.
Qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.
Buna görə də istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.
Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.
Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Yanvarın 12-dən aksizli malların nağd satışına yenidən icazə verilib.
Bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. S. Ələkbərov bildirib ki, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub. Prezident həmişəki kimi sahibkarlığın inkişafına dəstək istiqamətində atılan addımlara əlavə olaraq spirtli içkilərin plastik kartlarla satışını dayandırıb.
"Azərbaycanda bu gün bu prosesi həyata keçirmək üçün kifayət qədər Pos-terminal var. Bununla əlaqədar olaraq, 86 mindən çox obyektlərə Pos-terminallar quraşdırılıb. Ehtiyac olarsa, yenə əlavə Pos-terminalların quraşdırılması üçün də hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna bir az alışmayıb. Azərbaycanda bu gün 6 milyondan çox kart var. Spirtli içkilərin kartlarla ödənilməsində sənədlərlə bağlı ciddi problemlər var. Həm də Nazirlər kabinetinə, Prezident administrasiyasına çoxlu sayda müraciətlər var. Prezident də həmişə olduğu kimi, bu dəfə də sahibkarlığın inkişafı naminə tapşırıq verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Hazırlıq işləri tam başa çatandan sonra, yəqin ki, ayrıca qərar veriləcək", - deyə nazir müavini əlavə edib.
Qadağanın ləğvi bu bazarı canlandırdı (FOTO)

Sahib Ələkbərov- Vergilər nazirinin müavini
Onun sözlərinə görə, qaydaların tətbiqinin dayandırılması imkan verəcək ki, bizim həm istehsalçılarımız, həm ticarətçilərimiz sənədləşdirmə işlərini başa çatdırsınlar. Hələ ki seçim alıcıların öhdəsinə buraxılır. Onlar həm nağd qaydada, həm də nağdsız spirtli içki ala bilərlər.
Görünən reallıq odur ki, spirtli içkilərin nağd satışına qoyulan qadağa içki qəbul etmək istəyən bəzi vətəndaşlarımızın əl-qolunu bağlamışdı. Hazırda isə qadağanın götürülməsi bəzi vətəndaşlarımızın əl-qolunun yenidən açılmasına əlavə stimul verib. Ancaq qadağanın aradan qaldırılması içmək üçün bəhanə anlamına gəlməməlidir. Təkcə son bir ayda ölkəmizdə iki nəfər spirtli içki qəbul etdikdən sonra yıxılaraq donub və yıxıldığı yerdə ölüb, bir nəfər isə içkili halda həyat yoldaşını qətlə yetirib.
Sonda, bir statistikanı xatırlatmaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatnın hazırladığı statistakaya əsasən spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur. Bu, dünyadakı ölümlərin 3,8 faizinə bərabədir.